Hakan Fidan: Dünya İsrailin mümkün təxribatlarına hazır olmalıdır


Xarici işlər naziri Hakan Fidan Ankarada Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani ilə görüş keçirib.

Turkustan.az xəbər verir ki, tərəflər görüşdən sonra birgə mətbuat konfransında çıxış ediblər.

Fidan çıxışında beynəlxalq ictimaiyyətin regionda baş verən proseslərə diqqətli yanaşmasının vacibliyini vurğulayıb. O bildirib ki, İsrailin mümkün təxribat cəhdlərinə qarşı dünya ictimai rəyinin hazır olması və adekvat reaksiya verməsi xüsusi əhəmiyyət daşıyır.

Nazir həmçinin qeyd edib ki, mövcud böhranlardan düzgün nəticə çıxarmaq və danışıqlar prosesini poza biləcək addımlara qarşı sağlam yanaşma sərgiləmək vacibdir.

Fidan əlavə edib ki, Türkiyə regionda yeni təhlükəsizlik və sülh mühitinin formalaşmasını dəstəkləyir. Bu çərçivədə İranla Körfəz ölkələri arasında münasibətlərin daha dayanıqlı əsasda normallaşacağına ümid etdiyini bildirib.

O, Türkiyənin bu prosesdə fəal iştirak etməyə və bütün zəruri töhfələri verməyə hazır olduğunu bir daha vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ