Fransa hökuməti İsrailə silah satdığı ilə bağlı iddiaları rədd edərək, son üç ildə həyata keçirilən ixracın yalnız müdafiə təyinatlı komponentlərdən ibarət olduğunu açıqlayıb.
Turkustan.az xəbər verir ki, Fransanın müdafiə naziri Sebastyan Lekornu məsələ ilə bağlı açıqlamasında mətbuatda və sosial mediada yayılan iddialara münasibət bildirib. Bu iddialar, xüsusilə solçu müxalifət tərəfindən tənqid olunurdu.
Lekornu, “Sarsılmaz Fransa” (LFI) partiyasının nümayəndəsi Matilda Panotun hökuməti İsrailə silah satmaqda ittiham etməsinə sərt reaksiya verib. O, müxalifəti ictimaiyyəti çaşdırmaqda günahlandıraraq, Fransanın İsrailə silah satmadığını vurğulayıb.
Nazir əlavə edib ki, göndərilən hərbi məhsullar şəffaf şəkildə həyata keçirilir və yalnız müdafiə xarakterli komponentlərdən ibarətdir. Onun sözlərinə görə, bu avadanlıqlar əsasən İsrailin “Dəmir Günbəz” hava hücumundan müdafiə sistemi və üçüncü ölkələrə təkrar ixrac məqsədləri üçün istifadə olunur.
Aytən Yaşar/ Turkustan.az