İctimai Televiziyanın efirində “Səssizlər” sənədli filmi nümayiş olunub
Turkustan.az xəbər verir ki, ssenari müəllifi Günel Mehri, rejissoru Xürrəm Nəbibi olan ekran əsəri 1989-cu ildə 8 məktəbli uşağın faciəli ölümü ilə nəticələnən vertolyot qəzasının təfərrüatlarından bəhs edir.
Filmdə qeyd olunur ki, ötən əsrin 80-ci illərindən vüsət alan daxili etnik çəkişmələr Qarabağda yaşayan ermənilərlə azərbaycanlılar arasında qarşıdruma yaradıb. 1987-ci ilin sonlarında azərbaycanlılar ermənilərin təhriki ilə Ermənistanın Qafan və Meğri rayonlarındakı evlərini tərk etmək məcburiyyətində qalıblar.

1988-ci il 20 fevral tarixində ermənilər Xankəndi Mərkəzi Xəstəxanasında təcrübə keçən azərbaycanlı tələbə qızlara təcavüz ediblər. İki gün sonra azərbaycanlılar və ermənilər arasında baş verən qarşıdurma atışmaya çevrilib. Bu qarşıdurma zamanı iki azərbaycanlı gənc həyatını itirib.
1988-ci il fevralın 27-dən 28-nə keçən gecə isə Sumqayıt şəhərində baş vermiş iğtişaşlar nəticəsində 32 nəfər həlak olub. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı idi. Təxminən Sumqayıtın bütün erməni əhalisi bu hadisələrdən sonra şəhəri tərk edib.

Bütün bunlar Qarabağ ərazisində növbəti faciələrin baş verməsinə zəmin yaradıb.
Sənədli ekran əsərində hadisələrin şahidlərinin fikirlərinə də yer verilib. Tanınmış jurnalist, Kəlbəcər sakini Aqil Camal, Qarabağ müharibəsi veteranı, həkim Əli İsmayılov, keçmiş milis nəfərləri Oqtay Səfərov, Elçin Abdullayev, hadisə şahidləri Dəmir Əsgərov, Novruz Əsgərov, Zaur Akifoğlu, Hümayə Əsgərova fikirlərini bölüşüblər.