Dəhşətli şaxtalar, qar, soyuq gəlir: Azərbaycana da yaxınlaşır – TARİX


Bəzi sinoptiklər “əsrin qışı”nın yaxınlaşdığını iddia edirlər. Bildirilir ki, zəifləmiş qütb burulğanı səbəbindən Almaniya və qonşu ölkələr bu qış qeyri-adi dərəcədə soyuq hava ilə üzləşə bilər. Ekspertlərin çoxu xüsusilə bayramlardan sonra arktik soyuqların ehtimalının yüksək olduğunu qeyd edir.

Kəskin soyuqlar Azərbaycan iqlimi üçün də keçərli olacaqmı?

Globalinfo.az-a danışan “Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri, ekoloq İradə Həsənova deyib ki, bu il Şimal qütb rayonlarının hava şəraitində qeyri-adi dəyişikliklər proqnozlaşdırılır:

“Artıq bəzi Avropa ölkələrinə “əsrin qışı”olacağı barədə xəbərdarlıqlar edilir. Bu cür soyuq hava dalğaları Azərbaycana da təsir edəcək, lakin Avropadakı qədər kəskin olma ehtimalı nisbətən azdır. Elmi tədqiqatlar göstərir ki, zəif stratosferik vortek və ya qütb burulğanı hadisələri zamanı Şimal yarımkürəsində orta enliklərdə temperatur anomalilikləri mümkündür. Yaxın Şərq və Qafqaz bəzən şimaldan daxil olan soyuq hava kütlələrinin təsirində olur. Azərbaycana da soyuq hava kütlələrinin bəzi dalğaları artıq daxil olub. Bu barədə meteoroloqların bəyanatlarından da görünür. Ölkəmizdə Xəzər dənizinin, relyefin və coğrafi enliklərin təsiri – soyuq dalğalar Avropadakı qədər dramatik olmur. Burada iqlim əsasən mülayim-subtropik qurşağa daxildir. Qış normadan çox sərt keçmir, dağlıq zonalar istisna olmaqla, düzənliklərdə adətən orta dərəcədə soyuqlar olur”.

Dəhşətli şaxtalar, qar, soyuq gəlir: Azərbaycana da yaxınlaşır - TARİX

İradə Həsənova

Ekoloq bildirib ki, qlobal istiləşmə fonunda ani soyuq hadisələr iqlim sistemində dəyişkənlik göstərir:

“Bu isə uzunmüddətli iqlim proqnozlarını çətinləşdirir. Ölkədə bu kimi dəyişkənliyə uyğunlaşma üçün su, kənd təsərrüfatı, torpaq, enerji və digər sektorlar üçün strategiyalar vacibdir. Dağlıq bölgələrdə qar örtüyünün artması, çovğun və buzlanma təhlükələri ola bilər. Ümumiyyətlə, aparılan müşahidələrə görə, bu qış dünya və region səviyyəsində anormal hava hadisələri üçün əlverişli görünür. Lakin Azərbaycana təsirin “əsrin qışı” kimi dramatik olacağı ehtimalı azdır. Əsasən orta soyuq dalğalar, bəzi ekstremal günlər və lokal təsirlər mümkündür. Ölkəmizdə, xüsusən də qış aylarında havanın normadan soyuq və qarlı keçəcəyi, fevral ayında daha şiddətli şaxtaların, dağlıq rayonlarda təxminən -13°C -25°C, Bakıda isə 5-8°C olacağı gözlənilir. Yolların buz bağlaması mümkündür, lakin mövsümün əvvəlində qış soyuq və yağışlı olacaq”.


MANŞET XƏBƏRLƏRİ