"Məhsəti Gəncəvini təhqir etmək insanlığa qarşı cinayətdir!"


Mədəniyyət Nazirliyinin nəzdindəki Bədii Şura “Məhsəti” qısametrajlı bədii filminin Bakı Film Festivalında nümayişinə qadağa qoyub.

Həmin filmin rejissoru və ssenari müəllifi sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızı Suad Qaradır.

Azərbaycanın klassik ədəbi-mədəni tarixində xüsusi yeri olan Məhsəti Gəncəvi obrazı ciddi təhrif olunub, etik və normativ çərçivələrə etinasız yanaşılıb.

Filmdə görkəmli şairə gəzəyən, əxlaqsız bir qadın kimi təqdim edilir.

Bu filmi çəkən 16 il Azərbaycanın Mədəniyyət Naziri olmuş Əbülfəs Qarayevin qızı Suaddır. Bu film Azərbaycanın böyük şairi Məhsəti Gəncəvinin ismət və ləyaqətini hədəfə alır. Və əlbəttə ki, bu məni bir Azərbaycanlı kimi hiddətləndirir. Mən təəssüf içindəyəm.

Əbülfəs Qarayevin qızı Suad Qara Məhsəti Gəncəvini bu filmdə əxlaqsız qadın kimi çıxardıb. Elə bil 12-ci əsrdə əl-ələ tutub meyxanələri birlikdə gəziblər. Tanınmış jurnalistimiz Ləman Ələşrəfqızı demişkən: "Nə qara günlərə qaldıq".

Hələ bundan da betər olacaq. Əgər bunları dayandırmasalar.

Suad sanki Məhsəti ilə rəfiqə olub. Bir yerdə gecə klublarını gəziblər. Bir yerdə araq içiblər. Əyləniblər. Yanında olub sən demə. Gözü ilə görüb hər şeyi. Ona görə belə danışır. Soruşmaq lazımdır axı sən kimsən?

Ümumiyyətlə tarixi şəxsiyyətlərə, ədəbiyyata adını qızıl hərflərlə yazan ədiblərə toxunmayın. Başqa işiniz yoxdurmu? Niyə onların yaradıcılığına üz tutmursunuz? Sərf etmir? Mütləq qalmaqal olmalıdır? Mütləq şairələri əxlaqsız çəkməlisiniz? Məhsəti Gəncəvini təhqir etmək insanlığa qarşı cinayətdir!

Anahiti yəqin ki tanıyırsınız. Ermənilərin anası sayılır. Hansı yolun yolçusu olub və kim olub hamıya məlumdur. Tanımırsınızsa açın oxuyun onun haqqında. Buna baxmayaraq ermənilər Anahiti ilahiləşdirirlər. Anahit onlar üçün müqəddəsdir. Əsl əxlaqsız bax o olub. Məhsəti yox. Yəni erməni öz zibilinə də gül deyir. Heç vaxt öz pisinə pis deməzlər. Belə film çəkməzlər. Nə Anahitdən, nə Kim Kardaşyandan, nə Marqo Simonyandan, nə də digər birisindən. Düşmənimdir, bəli, amma bu faktdır...

Bizim isə bəzi vətəndaşlarımız bu cür hərəkətlər edib böyük ədiblərimizin ruhlarını incidirlər.

Məhsəti əxlaqsız olub. Nizami fars olub. Vaqif satqın olub, Nəsimi ateist olub. Babək alkaş, Koroğlu dəli olub. Niyə ölüləri rahat buraxmırsınız? Nədi onlarla rəqabətiniz. Nə veribsiniz ala bilmirsiniz?

Əbülfəz Qarayevin qızı başqa film də çəkə bilərdi. Amma Məhsəti haqqında çəkdi. Onunla özünü reklam etmək istədi. Və bu onda alındı. Suad, təxminən, min il əvvəl yaşamış, fəaliyyət göstərmiş, gözəl əsərlər qoyub getmiş başqa bir qadının yatağını çək-çevir edir.

Sosial şəbəkələrdə bəzi rəyləri oxuyuram. Kim Suada bəraət qazandırır ki, haqlıdır. Kim isə onu tənqid edir. Bəraət qazandıranları anlamıram. Görübsünüz Məhsətinin araq içməyini? Kluba getməyini?

Həmin bu bəzi çoxbilmişlər Məhsətinin içki haqqında yazdığı bir iki misranı atır. Vəssallam, bu kifayətdir ki, ona klub qadını adını versinlər.

"Bu dünya bir qızıl kuzəyə bənzər, Suyu gah şirindir, gah da ki, zəhər. Çox da öyünmə ki, uzundur ömrün, Əcəl köhlənində hazırdır yəhər"

Bəs bu rübaini niyə paylaşmırsınız? Sərf etmir?

Məhsəti Gəncəvi əxlaqsızlıqla deyil, zərif lirika, qadın duyğusunun poetik ifadəsi, rübai janrının incəliyi ilə tanınıb. Bu lirikanı “əxlaqsızlıq” kimi təqdim etmək ya biliyin azlığından, ya da qərəzdən qaynaqlanır.

Digərləri də var. Onlar isə Suadı ittiham edirlər. Böyük şairimizi həmin filmdə bu cür çirkin göstərdiyi görə onu qınayırlar.

Hələ jurnalistlər, tarixçilər və deputatlar da Suadı müdafiə edirlər. Səbəb? Siz də o şeirləri oxuyub bu qənaətə gəlmisiniz? Ya 12-ci əsrdə yaşamısınız. Onunla birgə kef çəkmisiniz? Biri də çıxıb deyir ki, Məhsəti Azərbaycanlı olmayıb. Yaxşı bəs kim olub? Erməni? Etməyin eləməyin.

"Düşmənlərimə həmişə sən dəm tutdun, Gəldin mənə naz eylədin, üz turşutdun. Göy pərdəsi ardında oyunlar vardır, Nazınla məni yetər, yetər, qorxutdun"

2013-cü ildə UNESCO-nun Baş Konfransının 36-cı sessiyasında Məhsəti Gəncəvinin 900 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi haqqında qərar qəbul edilib. Siz isə ona əxlaqsız damğası vurub, filmə çəkib, həm özünüzü, həm onu, həm də bizi bütün dünyada biabır edirsiniz. Bu filmə ermənilər də baxırlar və bizə gülürlər. İnanın.

Mən filmə baxmamışam, baxmayacam və baxmaq fikirim də yoxdur. Çünki utanıram. Utanıram ki, mənim şairimi bu cür eybəcər formada çəkiblər. Deyirlər göstərsinlər baxaq qiymət verək. Nəyə qiymət verək? Bu filmin qiyməti iki də deyil. Sıfırdır. Nə bilim bəlkə siz baxıb beş verəcəksiniz. Bu qədər müdafiə edirsinizsə onu da edərsiniz.

Ayıbdır! Məhsəti Gəncəvidən ayıbdır. Hətta Qara Qarayevdən də ayıbdır. Onun da ruhu indi göynəyir. Əgər o bu gün sağ olsaydı, öz qohumunun yerinə utanardı. Bu filmin çəkilməsinə də icazə verməzdi. O dəyərli insan idi. Sənətkar idi.

Mədəniyyət Nazirliyi haqlıdır bu dəfə! Çox doğru qərardı. Bu film rəzalətdir. Bu qədər.

Leyla Turan.


MANŞET XƏBƏRLƏRİ