ABŞ Suriyada ayrıca kürd dövlətinin yaradılmasını dəstəkləmir və bu istiqamətdə heç bir marağının olmadığını açıq şəkildə bəyan edib.
Turkustan.az xəbər verir ki, bu barədə ABŞ-ın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak bildirib.
O qeyd edib ki, Suriya Demokratik Qüvvələrinin (SDF) yaradıldığı əsas missiya artıq başa çatıb və bu səbəbdən ayrıca hərbi-siyasi qurumun mövcudluğuna ehtiyac qalmayıb.
Diplomatın sözlərinə görə, SDF-in əsas rolu İŞİD-ə qarşı mübarizə aparmaq idi, lakin hazırda Dəməşq təhlükəsizliyin təmin olunması üçün məsuliyyəti öz üzərinə götürməyə hazır və qadirdir.
Barak vurğulayıb ki, ABŞ-ın Suriyada uzunmüddətli hərbi mövcudluq niyyəti yoxdur və Vaşinqtonun prioritetləri İŞİD-in qalıqlarının məhv edilməsi, barışıq prosesinin dəstəklənməsi və milli birliyin möhkəmləndirilməsidir. Onun sözlərinə görə, ABŞ nə separatizmi, nə də federallaşmanı dəstəkləyir.
Tom Barak bildirib ki, mövcud vəziyyət kürdlər üçün yeni imkanlar yaradır. Onun fikrincə, kürdlərin yeni Suriya dövlətinə inteqrasiyası onlara tam vətəndaş hüquqları, Suriyanın ayrılmaz hissəsi kimi tanınma, kürd dili və mədəniyyətinin konstitusion qorunması, eləcə də dövlət idarəçiliyində tam iştirak imkanı verə bilər. Diplomat əlavə edib ki, ABŞ-ın aktiv diplomatik dəstəyi ilə həyata keçiriləcək inteqrasiya kürdlər üçün beynəlxalq səviyyədə tanınan Suriya dövləti çərçivəsində uzunmüddətli təhlükəsizliyi və təminatlı hüquqları qorumağın ən real və güclü yoludur. /modern.az/