Azərbaycan ABŞ Prezidenti Donald Trampın Sülh Şurasına təsisçi üzv olması dəvətini qəbul edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın təşəbbüskarı olduğu layihədə dünyadan təxminən 60 lider iştirak üçün dəvət alıb. Onlardan bəziləri Azərbaycan kimi təsisçi üzvlər olacaq. Dəvət olunanlar arasında Rusiya, Belarus, Macarıstan, İtaliya, Braziliya, Hindistan və Türkiyə liderləri var. Tramp Sülh Şurasının ilk sədri olacaq.
Şua ilk növbədə Qəzza zolağının yenidən qurulması üçün vəsait toplayacaq. Burada həmçinin, Qəzza zolağı üçün icra komitəsi və icra şurasını da yaradılması planlaşdırılır. Hər iki orqana, ABŞ dövlət katibi Marko Rubio, keçmiş Britaniya baş naziri Toni Bleyer və ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoff və daha bir neçə şəxs daxil olacaq.
Qəzza zolağını idarə etmək səlahiyyəti verilən Fələstin Milli İdarəetmə Komitəsi də şuranın rəhbərliyi altında fəaliyyət göstərəcək. Komitəyə Fələstin Milli Administrasiyasının keçmiş Baş nazirinin müavini Əli Şaat sədrlik edir.
Ağ Evdən bildirib ki, ölkələr iştiraklarını üç ildən daimi üzvlüyə qədər uzatmaq üçün 1 milyard dollar töhfə verməlidir. Amma bəzi ölkələrin daha az, təxminən 20 milyon dollar ödəniş etməsi də nəzərdə tutulur.
Bir neçə ölkə Sülh Şurasında iştirak edəcəyini artıq təsdiqləyib. Azərbaycanla yanaşı, bu siyahıda Birləşmiş Ərəb Əmirlikləri, Belarus, Mərakeş, Macarıstan və Kanada var.
Amma təklifi geri çevirən ölkələr də az deyil. Belə ki, Böyük Britaniya Baş naziri Kir Starmer Şuradan çıxmağı planlaşdırır. Britaniya rəsmiləri daimi üzvlük üçün yüksək haqq tələb edən bir təşkilata qoşulmaq niyyətində olmadıqlarını deyib. Bundan əlavə, Britaniya baş naziri Rusiya prezidenti Vladimir Putinin şuraya dəvət olunmasından narahatdır.
Fransanın da Trampın təşəbbüsünə müsbət cavab vermək istəmədiyi bildirilir.
ABŞ mediası isə bildirib ki, Tramp sabah Davosda keçiriləcək Dünya İqtisadi Forumunda Sülh Şurasının yaradılması üçün imzalanma mərasimi keçirmək istəyir./modern.az