“ATƏT-in Minsk qrupunun fəaliyəti elə ilk başdan düzgün qurulmamışdı. Bu qurum Qarabağ məsələsinə Ermənistanın təcavüzü kimi yox, Azərbaycan daxilində etnik azlığın separatçı fəaliyyəti kimi baxırdı”.
Bunu “Yeni Sabah”a açıqlamasında sabiq xarici işlər naziri, politoliq Tofiq Zülfüqarov deyib.
O xatırladıb ki, Minsk qrupunun ləğv olunması rəsmi Bakının tələblərindən biri idi. Politoloq vurğulayıb ki, bir vaxtlar ATƏT Azərbaycan üçün bir növ beynəlxalq ictimaiyyətə çıxış vasitəsi idi:
“Artıq münaqişə bitib və bu prosesə cəlb olunan bütün qurum və təşkilatlar işini yekunlaşdırmalıdır. Bu, sülh prosesində olduqca vacib addımlardan biridir. Qarabağ münaqişəsi Azərbaycana bir növ sovet dövründən miras qalmışdı. Müstəqilliyin ilk illərində ölkəmizə qarşı informasiya blokadası tətbiq olunurdu və müxtəlif təzyiqlər vardı. Həmin vaxtlar ATƏT Avropa məkanında olduqca samballı bir təşkilat sayılırdı. Azərbaycan informasiya blokadasını aradan götürmək üçün məhz bu beynəlxalq təşkilata üz tutdu. Keçirilən bütün tədbir və görüşlərdə çalışırdıq ki, həqiqətləri beynəlxalq ictimaiyyətə çatdıraq. Bu, məhz ATƏT-in vasitəsi ilə baş verirdi”.
T.Zülfüqarov qeyd edib ki, Minsk qrupunun bir sıra müsbət addımları da olub. Keçmiş nazir söyləyib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik humanitar məsələlərin həllində çox böyük işlər görüb:
“Atəşkəs dövründə mütəmadi toqquşmalar olurdu və itkilər baş verirdi. Həmin hadisələr nəticəsində bir çox humanitar problemlər yaranırdı. Bunların həllində Kasprşik müsbət rol oynayırdı. Dəfələrlə olub ki, Azərbaycan və Ermənistanın həlak olmuş hərbçilərinin qalıqları tərəflərə təhvil verilib. Girovların və əsirlərin mübadiləsi də həyata keçirilirdi. Yadıma gəlir ki, 1994-cü ildə, mən bu məsələlərdə iştirak edəndə, girovluqda olan 28 qadın və uşağı Ermənistandan tələb edib almışdıq. Hesab edirəm ki, Minsk qrupunun humanitar məsələlərdəki faəliyyətini müsbət mənada yadda saxlamalıyıq. Amma vasitəçilik baxımından bəzi mərhələlərdə ATƏT ciddi qərarlar qəbul etsə belə, onun icrası müxtəlif səbəblərdən mümkün deyildi”.
T.Zülfüqarovun fikrincə, növbəti mərhələdə Ermənistan qanunvericiliyindən Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müddəalar çıxarmalıdır:
“Azərbaycan 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi və 2023-cü ildə həyata keçirilən anti-terror əməliyyatları nəticəsində Ermənistanın hərbi işğalını tamamilə aradan qaldırıb. Ardıcıl şəkildə Ermənistan Azərbaycana olan ərazi iddiaları və anneksiya siyasətinə son qoymalıdır. Gələcəkdə sülh şəraitində yaşamağı düşünürüksə, qonşuluqda yerləşən ölkənin bizə qarşı ərazi iddiasında olması qəbuledilməzdir. Bu baxımdan, Ermənistan qanunvericiliyində Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının tamamilə yığışdırılması mütləq şərtdir. Ona görə də, Ermənistan bu məsələyə dair referendum keçirməlidir”.
Qeyd edək ki, ATƏT-in Minsk prosesi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün 1992-ci ildə başlayıb. Əsas format Rusiya, ABŞ və Fransanın həmsədrlik etdiyi Minsk qrupu idi. Bakı və İrəvan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etmişdi.
ATƏT-in Minsk prosesi (keçmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə) ilə bağlı bütün strukturları 2025-ci il noyabrın 30-da saat 23:59-da fəaliyyətini tam dayandırıb.