İranda Qurana hörmətsizlik edən kimdir? – Üsyançılar, yoxsa...


İranda 12 gündür davam edən etirazlar Azərbaycanda da diqqətlə izlənir. Təkcə qonşu olduğumuza görə yox, həm də və əlbəttə ki, güneyli soydaşlarımızın taleyinə görə. Erməni işğalı dövründə təcavüzkara qucaq açıb hər cür dəstək vermiş, Ermənistan üçün “yeganə nəfəslik” rolu oynamış rejimin taleyi isə bizi zərrəcə qayğılandırmaz.

Əslində, İran bu və digər səbəbdən artıq regionda geosiyasi “düyünə” çevrilib. Onun açılması qaçılmazdır və nə vaxtsa mütləq olacaq. Bunun isə qonşu xalqlara və dövlətlərə, o sırada Azərbaycana və Türkiyəyə faydası da dəyə bilər, müəyyən mənada ziyanı da. Necə ki, uzun illər ərzində orqanizmə “doğmalaşmış” qəlpəni bədəndən çıxaranda yeri bir müddət ağrıyır, göynəyir.

Odur ki, mümkün fəsadları hesablayıb ön tədbirlər görmək iki qardaş ölkənin və “beyin mərkəzləri”mizin boyun borcu. A, B, C planları, hamısı indidən masada olmalı...

Etirazlara gəlincə, İranın Ali Təhlükəsizlik Şurasının katibi Əli Laricani baş verənlərin arxasında xarici güclərin durduğunu söyləyib. Necə deyərlər, klassik bəhanə. Başqa nə səbəb göstərinlər ki. Sözsüz ki, İsrail və ABŞ nəzərdə tutulur. Ancaq bu vəziyyəti izah etməyin, bəhanə tapmağın ən asan yolu. Qulaqlarımız o qədər belə bəyanatlar eşidib ki.

“Əgər problemim məğzində iqtisadi amil dayanırsa, niyə mağazalar dağıdılır, məscidlərə hücum edilir, Quran yandırılır?”, - Laricani öz aləmində təəccübünü ifadə edib.

Əvvəla, qonşu ölkədə müqəddəs kitabımıza və məscidlərə qarşı həqarətin İsrailin və ya ABŞ-nin sifarişi olduğunu düşünmürük. Bu istisnadır və olsa-olsa, fürsətdən yararlanan hansısa təxribatçı elementin bəd əməlidir. Niyə?

Ona görə ki, Qurani-Kərim, məscid yalnızca İrana aid anlayış sayılmaz. Bu, 2 milyardlıq islam ümmətinin ortaq dəyəri. Necə ki, Avropada, dünyanın istənilən guşəsində belə vandallığı həmişə pisləmişik, İranda da eyni hərəkətləri lənətləyirik və lənətləyəcəyik...

Quran dərdi çəkənlərə bax. Bəs erməni vandallar məscidlərimizdə donuz saxlayanda, azərbaycanlı müsəlman (şiə) əhalisi soyqırımlarına, zülmlərə məruz qalanda səsiniz niyə çıxmırdı?

Ümumiyyətlə, İrandakı etirazların köklü səbəbi din deyil. Qonşu Pakistan da İsam Respublikasıdır, orda niyə belə hadisələr yaşanmır? Çünki səbəb – İranda dindən alət kimi istifadə edən despotik rejimin özüdür. Yəni bu, islama qarşı yox, hakim qüvvəyə qarşı üsyandır. Rejim dəyişsə də, İran coğrafiyasındakı əhalinin dini dəyişəsi deyil ki. Quranı yandırmaq, Allah evlərinə hücum kimi avantüralarla islam aləmində, illah da Türkiyədə, Azərbaycanda rəğbət qazanmaq mümkünsüz. Tam əksinə.

İran əhalisinin ağır sosial-iqtisadi durumuna görə nə müqəddəs kitabımız, nə də Allah evləri təqsirkardır. Zira, Quran kitabları, məscidlər Azərbaycanda, Türkiyədə, Pakistanda da var. Problem on illərdir din pərdəsi altında öz xalqının boğazından kəsib xaricdəki proksi qüvvələri, terrorçu qurumları yedizdirib maliyyələşdirənlərin yanlış siyasətindədir. Bütün bunlara cavab verməyin vaxtı yetişib...

Qurani-kərimi yandıranın dini-imanı olmaz. Bu, Allah qatında böyük günah və əxlaqsızlıqdır. Belə şeyə heç bir ad altında bəraət verilə bilməz. İrandakı nümayişçilərin mütləq əksəriyyəti isə ateist deyil. Lap düzünə qalsa, dinimizə daha böyük hörmətsizlik edənlər öz siyasətləri ilə islamı gözdən salan “yuxarıdakılar”dır. Erməni təcavüzü illərində biz bunu əyani gördük. Əlavə dəlil-sübuta gərək yox.

Ola bilsin, bu dəfə də həmin “yuxarıdakılar” ənənəvi üsulla vəziyyətdən canlarını qurtarsınlar. Bir neçə on nümayişçini edam eləməklə cəmiyyətdə qorxu və xofu gücləndirməyə çalışsınlar. Amma və lakin problem kardinal şəkildə həllini tapmayacaq. Tapa bilməz. Necə ki, iki il öncə eyni sərt tədbirlər çıxış yolu olmadı. Əhali yenə küçələrə axışdı.

Qısası budur ki, günün birində hakim üsul-idarədən mütləq haqq-hesab çəkiləcək. Necə? Görəcəyik. Axirətdəki haqq-hesab da öz yerində... /musavat.com/


MANŞET XƏBƏRLƏRİ