Putin Qərbi "analoqu olmayan" silahla hədələdi: Tramp özündən çıxdı - ŞƏRH


Rusiya prezidenti Vladimir Putin “Burevestnik” adlı nüvə mühərrikli qanadlı raketlə bağlı yeni açıqlamalar verib. O, bu silahın “dünyada analoqu olmadığını” və Rusiya müdafiə sənayesinin texnoloji gücünü nümayiş etdirdiyini bildirib.

ABŞ prezidenti Donald Tramp isə Putinin bu bəyanatını “mənasız” adlandıraraq, belə açıqlamaların qlobal sabitliyə xidmət etmədiyini deyib. Analitiklər hesab edirlər ki, Putin bu bəyanatla Qərbə, xüsusilə də ABŞ-a strateji mesaj ötürməyə çalışır.

Turkustan.az olaraq mövzu ilə bağlı suallarımızı politoloq Oqtay Qasımova ünvanladıq.

Oqtay Qasımov

Oqtay Qasımov

Vladimir Putinin “Burevestnik” raketləri ilə bağlı açıqlamaları beynəlxalq səviyyədə ciddi reaksiyalara səbəb olub və narahatlıq doğuran məqam kimi qiymətləndirilir. Bu, Putinin Ukrayna müharibəsində bütün addımlara getməyə hazır olduğunu nümayiş etdirmək istədiyini göstərir. Eyni zamanda, bu bəyanatlar Rusiyanın hələ məqsədlərinə tam çatmadığını və buna görə də qəzəblənərək nüvə şantajına əl atdığını göstərir.

ABŞ Prezidenti Donald Tramp isə Putinin bu açıqlamalarına laqeyd və soyuqqanlı reaksiya verib ki, bu da diqqətçəkən məqam kimi qiymətləndirilir. “Burevestnik” raketləri nüvə texnologiyası ilə işləyən, nüvə silahı kimi istifadə oluna biləcək raketlərdir, lakin bu, Rusiyanın onların istifadəsinə hazır olduğu anlamına gəlmir. Çünki sözügedən raketlər hələ də sınaq mərhələsindədir.

Bununla belə Rusiyanın nüvə şantajına əl atması və son həddə qədər getməsi ehtimalı azdır. Bu məsələdə yalnız ABŞ-Rusiya qarşıdurması deyil, eyni zamanda Çin faktoru da nəzərə alınmalıdır. Çin bu münaqişədə “Rusiya məğlub olmasın, Ukrayna isə tam qələbə qazanmasın” prinsipi ilə hərəkət edir. Müharibənin uzanması isə Rusiyanı Çindən daha çox asılı vəziyyətə salır və bu da gələcəkdə Çin ilə ABŞ arasında, xüsusilə Tayvan məsələsində, müəyyən bazarlıqlara yol aça bilər.

Nəticə etibarilə, Putinin bu bəyanatları ciddi narahatlıq yaratsa da, onların böyükmiqyaslı müharibəyə səbəb olacağı gözlənilmir. Rusiya yaxın perspektivdə öz tələblərini beynəlxalq ictimaiyyətə qəbul etdirə bilməyəcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ