“Bizim azad və suveren dövlətimiz var”.
Turkustan.az xəbər verir ki, Kuba prezidenti Miguel Diaz-Canel ABŞ-ın təhdidlərinə baxmayaraq istefa verməyəcəyini açıqlayıb.
NBC News-da yayımlanan “Mətbuatla tanış olun” verilişində aparıcı prezidentdən Kubanı “xilas etmək” üçün istefa verməyə hazır olub-olmadığını soruşub. Diaz-Canel isə bu suala, “Bu sual sizdən gəlir, yoxsa ABŞ Dövlət Departamentindən?” deyə cavab verib.
O vurğulayıb ki, Kubada liderlər ABŞ hökuməti tərəfindən deyil, xalq tərəfindən seçilir.
İstefa vermək niyyətində olmadığını bildirən Diaz-Canel, “Bizim azad və suveren dövlətimiz var” deyərək, prezident mandatını şəxsi ambisiyalarla deyil, xalqın iradəsi ilə əldə etdiyini qeyd edib.
Prezident əlavə edib ki, əgər Kuba xalqı onun bu vəzifəyə uyğun olmadığını düşünərsə, qərara hörmətlə yanaşacaq.
Diaz-Canel həmçinin Vaşinqtonun Havanaya qarşı “düşmən siyasəti” apardığını bildirərək, “ABŞ hökumətinin Kubadan nəsə tələb etməyə haqqı yoxdur” deyə vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az