ABŞ vitse-prezidenti Cey Di Vens İranla danışıqlarda Amerika nümayəndə heyətinə rəhbər kimi Pakistana gedib.
Turkustan.az xəbər verir ki, o, hava limanında danışıqlardan gözləntilərini açıqlayıb:
"Danışıqları səbirsizliklə gözləyirik. Düşünürəm ki, onlar müsbət olacaq. Prezidentin dediyi kimi, əgər iranlılar vicdanla danışıqlar aparmağa hazırdırlarsa, biz də mütləq onlara əl uzatmağa hazırıq. Əgər onlar bizi manipulyasiya etməyə çalışsalar, danışıqlar qrupumuzun güzəştə getməyə meyilli olmadığını görəcəklər".
İranda isə danışıqlar qrupunun tərkibi və mandatı ilə bağlı mübahisə yaranıb. Belə ki, "Iran International"ın əldə etdiyi məlumata görə, İranın yüksəkvəzifəli rəsmiləri İslamabadda ABŞ ilə danışıqlar aparması planlaşdırılan nümayəndə heyətinin tərkibi və mandatı ilə bağlı müzakirələr aparırlar.
SEPAH baş komandanı Əhməd Vəhidi danışıqlarda Məhəmməd Baqer Qalibaf və xarici işlər naziri Abbas Əraqçinin səlahiyyətlərini məhdudlaşdırmağa çalışır. Vahidi həmçinin Ali Milli Təhlükəsizlik Şurasının katibi Məhəmməd Baqer Zülqədri danışıqlar qrupuna daxil etməkdə israr edir - bu addım onu strateji danışıqlar üçün kifayət qədər təcrübəli hesab etməyən hazırkı komanda üzvlərinin etirazına səbəb olub.
Eyni zamanda Vəhidi və SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı nümayəndə heyətinin İranın raket proqramı ilə bağlı hər hansı danışıqlardan çəkinməli olduğunu vurğulayıblar. /Musavat.com/