Kürəyə banka qoydurmaq faydalıdır, yoxsa ziyanlı?


Bəzi insanlar xəstələndikdə, bir yerləri ağrıdıqda banka qoyulması müalicəsinə üstünlük verirlər. Ancaq sözügedən müalicə üsulu ilə bağlı təhlükəsizlik məsələsinə riyaət edilmədikdə, müalicə sağlamlıq yox, ölüm gətirir.

Bakıvaxtı.az xatırladır ki, Bakıda belinə banka qoyulan qadın yanıb. Belə ki, bankanın diqqətsiz saxlaması səbəbi ilə içindəki etil spirti qadının bel və kürək nahiyələrinə tökülüb. Bu zaman qadın yanmağa başlayıb.

Bədənin 30-35 faizi yanıq xəsarətləri alan qadın hadisədən 15 gün sonra ölüb.

Bəs, ümumiyyətlə, bu prosedurdan hansı hallarda istifadə etmək olar?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, bu üsul, yəni bankaların kürək, çiyin və döş qəfəsinin arxa divarına qoyulması qədim türk təbabətində geniş istifadə olunan və uzun müddət tətbiq edilən alternativ müalicə metodlarından biridir.

O, bunun autohemoterapiya prinsipinə əsaslandığını deyib. Müsahibimizin sözlərinə görə, bu zaman banka qoyulan nahiyələrdə dərialtı qanın toplanması və bu qan vasitəsilə bədənin özünü sağaltma mexanizminin stimullaşdırılması prosesi aparılır:

“Metod ümumilikdə effektiv sayıla bilər”.

Professor qeyd edib ki, bu müalicəyə ehtiyatla yanaşmaq lazımdır.

Adil Qeybulla: Həm fiziki, həm də psixoloji asılılıq formalaşa bilir

A.Qeybulla nəzərə çatdırıb ki, bəziləri bankanı istənilən ağrı və ya narahatlıq zamanı tətbiq edir və nəticədə həm fiziki, həm də psixoloji asılılıq formalaşa bilir:

“Burada əsas məsələ odur ki, istər qədim türk təbabəti, istərsə də müasir tibbi yanaşmalar olsun hər bir üsulun tətbiqi yalnız həkimlə məsləhətləşdikdən sonra həyata keçirilməlidir”.

Həmsöhbətimiz hesab edir ki, müasir tibbin imkanları daha genişdir və daha dəqiq diaqnostika və müalicə metodları mövcuddur:

“Buna görə də ən doğru yanaşma hər iki sistemi zərurət və peşəkar məsləhət əsasında balanslı şəkildə tətbiq etməkdir. Banka qoyulması kimi üsulların da öz yeri var, amma bu, ölçülü-biçili və düzgün təyinatla olmalıdır”.


MANŞET XƏBƏRLƏRİ