“Azərbaycan Prezidenti İlham Əliyev Zəngəzur dəhlizi məsələsində daha arxayındır”.
Turkustan.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çin səfərindən dönərkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.
“İnanıram ki, Cənubi Qafqaz, İnşallah, arzuladığı sülhə qovuşacaq. Mən o ümidi cənab İlham Əliyevlə ikitərəfli görüşüm zamanı gördüm. Ağ Evdə imzalanan razılaşmalar Ermənistan və Azərbaycan arasında normallaşma prosesini sürətləndirdi. Azərbaycan və Ermənistan sülh yolunda maneələri əhəmiyyətli dərəcədə dəf edib və son mərhələyə çatıblar.
Azərbaycan Prezidenti İlham Əliyevlə, sonra Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüm oldu. Hər iki görüşdə də gördüm ki, Əliyev də, Paşinyan da eyni mövqedədir. Eyni istiqamətə baxırlar. Zəngəzur dəhlizi məsələsi ilə bağlı heç bir problem və ya fikir ayrılığı yoxdur. İlham bəy bu məsələdə daha arxayındır”, - Ərdoğan bildirib.
Türkiyə lideri qeyd edib ki, tərəflərin ABŞ-də əldə etdikləri razılaşmalar gələcək addımlar üçün həlledici amilə çevrilib:
“Sülhün bərqərar olması ilə bölgəmizdə çox əhəmiyyətli olan quru və dəmir yolları, sərhəd keçidləri açılacaq, bir çox sahələrə, xüsusilə ticarətə müsbət təsir göstərəcək. Region ölkələri də yeni əməkdaşlıq imkanlarından yararlanacaqlar. Bu, aydındır. Rusiya və İran da narahatlıqlarının yersiz olduğunu gələcəkdə anlayacaqlar”./teleqraf