İsrail ordusu Qəzza üçün 60 min əsgər çağırır, amma iştirak zəifdir.
Turkustan.az xəbər verir ki, İsrail ordusunun Qəzza şəhərini işğal etməyə hazırlaşdığı bir vaxtda ehtiyatda olan əsgərlərin səfərbərliyində ciddi çatışmazlıqlar yaşanır.
Yerli mətbuatın məlumatına görə, İsrail ordusu bu gün etibarilə Qəzzaya planlaşdırılan genişmiqyaslı hücum üçün 60 min ehtiyat əsgərin cəlb edilməsinə başlayıb. Bu, 2023-cü il oktyabrın 7-də Qəzza zolağına hücumların başlanmasından bəri ən geniş səfərbərlik prosesi sayılır.
Lakin bildirilir ki, iki ilə yaxındır davam edən müharibə və ağır hərbi əməliyyatlar ehtiyatda olan bir çox əsgərin geri çağırışa mənfi cavab verməsinə səbəb olub. Onların bir çoxu şəxsi və maliyyə çətinliklərini əsas gətirərək çağırışdan azad olunmaq üçün müraciət edir.
Bu səbəbdən, İsrail ordusu ehtiyat əsgər çatışmazlığı ilə üzləşib və bu, planlaşdırılan hücum əməliyyatlarının gedişinə təsir edə bilər.
Məlumata görə, Qəzza şəhərinin işğalını hədəfləyən əməliyyatların 4-5 ay davam etməsi planlaşdırılır. Lakin hazırkı şəraitdə bu müddətin uzanacağı ehtimal edilir.
İsrail ordusu mərhələli şəkildə 60 min ehtiyat əsgərin səfərbərlik prosesini davam etdirməyi qarşısına məqsəd qoyub.
Aytən Yaşar/ Turkustan.az