Cənubi Qafqazdakı son proseslərdə “köhnə qitə”nin rolu, fəaliyyəti nəzərə çarpmır. Xüsusilə Əliyev-Paşinyan görüşü və Azərbaycan-Ermənistan sülh sazişi ətrafında baş verənlər fonunda Avropa İttifaqı və digər institutlar prosesdən kənarda qalıb. Bu kontekstdə Fransanın adını xüsusi vurğulamaq lazımdır. Rəsmi Paris 2020-ci il müharibəsindən sonra Ermənistanı Azərbaycana qarşı qaldırmağa çalışırdı. Hazırda isə tamamilə oyundankənar vəziyyətdə qalıb.
Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Avropa İttifaqı Şurasının sabiq prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan arasında konstruktiv mövqe ortaya qoymuşdu:
“Görüşlər təşkil olundu, amma Fransa prosesi pozdu. Üstəlik, Avropa İttifaqı Ermənistana, Azərbaycanla şərti sərhəddə öz yarımhərbi mülki missiyasını yerləşdirdi. Rəsmi Bakı buna etiraz etdi. Bununla da Avropa İttifaqının vasitəçiliyi faktiki olaraq sona çatdı. Fransa çalışırdı ki, sülh müqaviləsi imzalanmasın, Türkiyə və Ermənistan arasında sərhədlər açılmasın.
Məhəmməd Əsədullazadə
Paris Ermənistana ona görə silahlar verirdi ki, proses uzansın və yeni müharibə başlasın. Nəticədə isə öz qoşunlarını Ermənistanda yerləşdirsin. Amma Azərbaycanın Ermənistanla ikitərəfli danışıqları Paşinyanın bu təhlükəli siyasətdən geri çəkilməsinə gətirib çıxardı. Həmçinin Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp administrasiyası ilə əlaqələr qurması Fransanın təxribatlarının qarşısını aldı.
Məhz 8 avqustda ABŞ-da imzalanmış üçtərəfli Birgə Bəyannamə və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi mətninin paraflanması de-fakto sülhün əldə olunması deməkdir. Artıq iki ölkə arasında sülh var. Avropa İttifaqına və Fransaya isə ehtiyac qalmayıb”.