Azərbaycanın yeraltı şirin su ehtiyatları təxminən 10 milyard kubmetrdən 8 milyarda düşüb.
Bunu Azərbaycan Su Ehtiyatları Agentliyi (ADSEA) yanında fəaliyyət göstərən Su İstifadəsinə və Mühafizasinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) şöbə müdiri Rafik Verdiyev BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı "LCOY Azərbaycan 2025"in bağlanış mərasimi çərçivəsində "İqlim dəyişmələri kontekstinda su təhlükəsizliyi" panel müzakirəsində deyib. Onun sözlərinə görə, hazırda Azərbaycanın 8,4 milyard kubmetr həcmində yeraltı şirin su ehtiyatı mövcuddur:
"Bununla da ölkənin bərpa olunan şirin su ehtiyatları 26,2 milyard kubmetrə çatır. Lakin təbii mənbələrdən götürülən suyun 25 faizi itkiyə gedir".
R.Verdiyev bildirib ki, son 34 ildə Azərbaycanın əsas su arteriyası olan Kür çayı ilə ölkəyə daxil olan axım 9 faiz azalıb:
"Ən çox azalma 19 faiz olmaqla yay dövründə müşahidə edilib. İllik azalma özünü daha çox çayın Mingəçevir su anbarından așağı axınında göstərir. Bu göstərici 28 faiz olub".
Azərbaycanın yeraltı şirin su ehtiyatlarının bu qədər azalması hansı problemlər yarada bilər?
Məsələ ilə bağlı Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, fəlsəfə doktoru Ənvər Əliyev “Cebheinfo.az”-a bildirib ki, 10-15 il bundan qabaq 100 milyardlıq yeraltı su ehtiyatımız vardı və onun 40 faizi Quba-Xaçmaz zonasında idi:
“Bundan başqa, infltrasiya var, yəni dağın başından gələn çayıar çınqıllı yataqlara hopduraraq düzənə çıxanda toplanır. Onların çoxu təmiz sulardır və biz ondan istifadə edirik. Vaxtilə Kürdəmirə hərbi hissəyə çəkilən infltrasiya sularından Zərdaba, Ucara, Kürdəmirə, Ağsuya da su çəkildi. Həmin yeraltı sularımızın əsas mənbəyi səth sularıdır ki, yavaş-yavaş hopur və laylardan keçdikdən sonra təmizlənib normal içməli suya çevrilir.
Onun şirinliyi normaldır. Samur-Dəvəçi ovalığından və Qusar maili düzənliyinin ətəklərindən gələn şirin sular platformaların kənarlarına yığılır. Azərbaycanda belə sahələr çoxdur. Bundan başqa, Qarabağda çox böyük su ehtiyatlarımız var. Nəhəng Sərsəng su anbarı, Mingəçevirdə, ümumilikdə Kür və Araz çaylarının üstündə su anbarları, yıni 30-35 milyard kubmetr su ehtiyatımız var".
O bildirib ki, Azərbaycan ərazisinə yağıntı az düşür:
"Xəzər dənizinin su ehtiyatları topladığı hövzəyə az yağıntı düşdüyünə görə- bu, təxminən 4 milyon kvadratkilometr ərazidir- hazırda Xəzər dənizi də sudan korluq çəkir. Qonşularımız Türkiyə və İran, İsrail, Suriya, Avropanın cənub hissələri, Yunanıstan, İtaliya. Fransa, İspaniya Azor antisiklonunun gətirdiyi yağışların hesabına rütubət alırdılar və indi fəaliyyəti zəifləyib. Təbiət hadisəsidir. Onlar Atlantik okeandan gələn rütubətli hava axınlarını Azərbaycan ərazisinə qədər gətirirdilər. Hazırda təbii mühitin özünəməxsus qanunları var, buraya quraqlıq gətirə bilmirlər. Nəticədə qeyd etdiyim ərazilərdə yağıntılar az düşür.
Bununla bağlı Xəzəri 80 faiz su ilə təmin edən Volqa çayının suları azalır. Nəticədə Xəzərin sahilləri uzaqlaşır. Yəni su ehtiyatları azalır. Bu, ümumi tendensiyadır. Ərazimizin su ehtiyatlarından normal istifadə etsək, hər şey qaydasında olar. Bizim Kür-Araz ovalığında nəhəng şirin su ehtiyatlarmız var. O cümlədən, Lənkəran ovalığı, Yardımlı tərəfdə işməli su ehtiyatları var. Sovet dövründə 100 milyardlıq su ehtiyatımız olub. Bu, o qədər də azala bilməz.
Mənə elə gəlir ki, o ehtiyat olduğu kimi durur. Azalıb uzağı 90 milyardlıq ola bilər. Azərbaycan ərazisində olan çayların, o cümlədən Balakənçaydan Pisaata qədər, Pirsaatdan da Samura qədər Kiçik Qafqazın çınqıllı suları yataqlarından alta hopur və o sulardan da şirin su ehtiyatı kimi istifadə etmək mümkündür. Bunlar çayın yatağına hopmuş sulardır. Azərbaycanda iyul-avqust ayları ən quraqlıq dövrdür. Bu dövrdə suyun azalması qanunauyğunluqdur, təbiətin qanunudur. Bu vaxtı da su azalmayıb, bəs nə vaxt azalacaq? İndi hər yerdə su lazımdır, buxarlanma var. Eləcə də orta əsrlərdən qalma suvarma sistemləri var, ona görə də su azalmalı idi”.