İran: ABŞ nüvə danışıqlarında xoş niyyətli deyil


İsrailin ABŞ dəstəyi ilə hücumu Vaşinqtonun xoş niyyətli olmadığını göstərir.

Turkustan.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi ABŞ-ın dəstəyi ilə İsrailin İrana hücumlarını tənqid edib və bu vəziyyətin nüvə danışıqları zamanı Vaşinqtonun səmimiyyətinə dair ciddi suallar yaratdığını bildirib.

Bekayi ABŞ-la nüvə müzakirələrinin yenidən başlanması ehtimalına dair suala cavab olaraq qeyd edib:
"Tehran, ABŞ-ın keçmiş hərəkətlərini nəzərə almadan Vaşinqtonla münasibətlərin gələcəyini müzakirə edə bilməz."

O əlavə edib ki, nüvə danışıqları davam edərkən İsrailin ABŞ-ın koordinasiyası ilə İrana qarşı hücumlar həyata keçirməsi, Vaşinqtonun prosesə əslində xoş niyyətlə yanaşmadığını göstərir:
"Sionist rejim ABŞ ilə koordinasiya və əməkdaşlıq şəraitində, danışıqlarla eyni vaxtda İrana qarşı qeyri-qanuni hücumlar təşkil edib."

Bekayi həmçinin Avropa ölkələrinin BMT-nin İrana qarşı sanksiyalarını yenidən tətbiq etməyə yönəlmiş təşəbbüslərini də sərt şəkildə tənqid edib. Onun sözlərinə görə, bu cəhdlər “məsuliyyətsiz, məntiqsiz və hüquqi əsası olmayan” addımlardır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ