Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında iyulun 3-də telefon danışığı baş tutub.
Tərəflər Ukrayna və İranla bağlı məsələləri müzakirə ediblər. Tramp jurnalistlərə açıqlamasında telefon danışığının detallarını açıqlayıb.
O bildirib ki, söhbət kifayət qədər uzun çəkib və müxtəlif mövzulara toxunulub.
“Bu kifayət qədər uzun danışıq oldu, biz bir çox məsələləri müzakirə etdik. İran haqqında, Ukrayna haqqında danışdıq. Mən razı qalmadım. Heç bir irəliləyişə nail olmadım”, – deyə Tramp jurnalistlərə bildirib.
Telefon danışığından sonra baş verənlər
Telefon danışığından dərhal sonra Rusiya Kiyevi daha dəhşətli şəkildə bombalayıb.
Eyni zamanda, o da bəlli olub ki, ABŞ Avropadakı qoşunlarının bir hissəsini çıxarmaq niyyətindədir. Belə ki, Avropadakı NATO-ya üzv ölkələr ABŞ Prezidenti Donald Trampın qərarlarına uyğun olaraq Amerikanın hərbi qüvvələrinin Avropadan hissə-hissə çıxarılacağını gözləyir. Hazırda Avropada təxminən 80 min ABŞ əsgəri var. “Köhnə qitə”nin rəsmiləri hesab edirlər ki, Vaşinqton qarşıdakı dövrdə prioritetlərini dəyişərək hərbi resurslarını Asiya və Yaxın Şərq istiqamətinə yönəldəcək.
Sözügedən hadisələr Trampla Putin arasında hər hansı razılaşmanın əldə olunması məsələsini gündəmə gətirib.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, geosiyasi aləmin dəyişkən olması bəlli məsələdir:
“İndiki məqamda təsir dairələrinin yenidən bölünməsi prosesi gedir, habelə hegomonluq etmək istəyən qüvvələr bəzi bölgələrdə öz mövqelərini təsdiqləməkdən ötrü müəyyən addımlar atırlar. Üstəlik, Trampın gəlişi fonunda onun daha çox rusiyalı həmkarı Putinlə razılaşmaya getmək istədiyini görürük.
Putin Trampın sözü ilə müharibəni dayandırsa, bu vəziyyət onun dominant olmadığını göstərəcək. Deyilənlərə görə, 3 ölkə - ABŞ, Rusiya və Çin gələcək dünya düzənini formalaşdıracaq və onu yük olaraq öz üzərlərinə götürəcəklər. Trampla Putinin danışığından belə anlaşılır ki, hər biri öz dayandığı mövqedə qalır. Telefon danışığında İran İsrail, Tayvan, Avropa İttifaqı ilə münasibətlər məsələsi müzakirə obyekti olub”.
ABŞ Avropanın problemlərinə qarışmayacaq
Politoloq vurğulayır ki, pərdəarxası təsir dairələrinin cızılması, arealının müəyyən olunması hər zaman böyük dövlətlərin rəhbərlərinin planlarında olan məsələlərdir:
“Tramp Avropadan silahlı qüvvələrini geri çağırırsa, NATO ölkələri üçün ÜDM-in 5 faizlik həcmini tələb edirsə, bu onun proseslərdən öz yaxasını kənara çəkməsini göstərir. Avropaya bu müstəvidə bəyan edir ki, onun Rusiya ilə olan problemlərinə qarışmayacaq. Yəni öz problemlərinizi özünüz həll edin”.