İyunun 12-də İsrailin İrana hücumu nəticəsində başlayan qarşıdurma 2 gündür davam edir. Tərəflər bir-birilərinə dayanmadan PUA-larla hücum edir. Artıq ölən və yaralananların sayı da durmadan artır.
Bu gün İsrail tərəfi elan etdi ki, artıq 3-cü dalğa başladı. Netanyahu da açıqlamasında bildirdi ki, İranın hər yeri bombalanacaq.
Görünən odur ki, vəziyyət getdikcə gərginləşir. Təbii ki, bu həm bölgə üçün, həm də dünya üçün böyük təhlükəyə çevrilir.
Maraqlıdır görəsən, bu münaqişəni 3-cü dünya müharibəsinin qığılcımı hesab etmək olarmı? Bu müharibəyə daha hansı ölkələr qoşula bilər? Turkustan.az olaraq mövzu ilə bağlı bu suallarımızı politoloq Məhəmməd Əsədullazadəyə ünvanladıq.
Məhəmməd Əsədullazadə
İsrailin İranda həyata keçirdiyi hərbi əməliyyat Yaxın Şərqdə yeni siyasi nizamın qurulması istiqamətində proseslərin kuliminasiyası nöqtəsidir. Təbii ki, İranın proksi qüvvələri sıradan çıxarılıb. Həmçinin İraqda, Suriyada ciddi təzyiqlər olduqdan sonra növbə İrana çatdı. İran regionda ABŞ və Böyük Britaniyanın geosiyasi maraqlarına ziddir. Ona görə də məhz İsrail vasitəsi ilə İranın çökdürülməsi siyasəti, hərbi əməlliyatlar davam edir. Əgər İran ABŞ-ın hərbi bazalarını və Hürmüz boğazını bağlasa, ABŞ birbaşa İrana müdaxilə edə bilər. Düşünmürəm ki, 3-cü dünya müharibəsinə gətirib çıxara bilər. Əgər Pakistan İrana dəstək verərsə, İran Türkiyədəki ABŞ bazalarına hücum edərsə, bu 3-cü dünya müharibəsinin başlanmasına bir əsas ola bilər. Amma indi İran da regional münaqişənin genişlənməsində maraqlı deyil. Həmçinin İsrail və Amerika da maraqlı deyil ki, bu müharibə geniş coğrafiyaya yayılsın. Sadəcə olaraq indi İranın cəzalandırılması, hərbi strukturun çökdürülməsi əməliyyatı həyata keçirilir.
Aytən Yaşar/ Turkustan.az