Araz çayının çirklənməsində Ermənistanı “dəstəkləyənlər” hansı ölkələrin şirkətləridir? - FOTOFAKTLAR


Transsərhəd çay olan Araz Ermənistanın dağ-mədən və metallurgiya sənayesinə məxsus müəssisələrin kanalizasiya borusuna və ya zibil kollektoruna çevrilib. Bu ölkədə fəaliyyət göstərən yerli və transmilli şirkətlərin sənaye istehsalı və emalı zəncirinin toksik tullantıları Oxçuçay və digər çaylarla Araz çayına axıdılır.

Qızıl, mis, molibden və digər metalların emalı zamanı zavodların kimyəvi, radioloji və toksik tullantıları ilə ciddi şəkildə çirkləndirilən Araz çayı son nəticədə ekoloji terrorun qurbanı kimi həyəcan təbili çalır. Bu prosesdə fəal rol oynayan Ermənistandakı mədən sənayesi üzrə tanınmış xarici şirkətlərin nümayəndələrinin isə heç biri ekoloji soyqırımından narahatlıq hissi keçirmir, öz kapitalist acgözlüyü ilə Azərbaycan da daxil olmaqla, digər ölkələrin torpaq və ekoloji mühitinə divan tutur, bərpaolunmaz deqradasiyaya məruz qoyurlar. mənbə

(Xəritə ilə bu linkdən tanış olmaq mümkündür)

Ermənistan Araz çayını iki sənaye üsulu ilə çirkləndirir.

Birincisi, bu ölkənin ərazisindəki istismar müddəti çoxdan başa çatmış Metsamor Atom Elektrik Stansiyasının (AES) radioaktiv tullantıları ilə çayı və Arazdan qidalanan torpaq sahələrini ölümcül xəstəliklərə yoluxdurmasıdır.Bununla bağlı yüzlərlə təkzibolunmaz fakt, elmi-tədqiqat institutlarının və ixtisaslaşmış təşkilatların araşdırma materialları, radioloji nümunələr var.

İran İslam Respublikası Parlamentinin Ətraf mühitin mühafizəsi komitəsinin nümayəndəsi Kəmaləddin Pirmüəzzin bir neçə il əvvəl Metsamor AES-in Arazı çirkləndirməsi nəticəsində Ərdəbil vilayətinin Muğan bölgəsinin minlərlə sakininin xərçəng xəstəliyinə tutulduğunu bildirib və İran hökumətini təxirəsalınmaz addımlar atmağa çağırıb. ekhokavkaza

İranın ölkəmizdəki sabiq səfiri Əfşar Süleymani “Anadolu” agentliyinə müsahibəsində Ermənistanın Metsamor AES-dən radioaktiv materialların Araz çayına axması barədə xəbərdarlıq edib. iranwire

Parisdə fəaliyyət göstərən Ərk-Azərbaycan İnsan Haqlarını Müdafiə Cəmiyyətinin təsisçilərindən olan Maşallah Razminin “Araz çayının kanserogen maddələrlə çirkləndirilməsi” sərlövhəli məqaləsində qeyd edilir ki, Ermənistan çaydan bəhrələnsə də, ekoloji tarazlığının qorunmasına diqqət yetirmir.

İran İslam Şurasının Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Mahmud Abbaszadə Meşkini isə “Camaran” saytına bildirib ki, Ermənistandakı “Metsamor” AES-in tullantıları Araz çayına axır.

Metsamor AES-in bütün region dövlətlərinin vətəndaşlarının həyatı və sağlamlığı üçün təhlükə yaratdığını Amerika Siyasi Elmlər Assosiasiyasının üzvü Brenda Şaffer də bəyan edib. Xanım Şaffer xatırladıb ki, rəsmi İrəvan Avropa İttifaqı ilə imzaladığı bütün tərəfdaşlıq sazişlərində adıçəkilən AES-in bağlanması öhdəliyi götürüb, hətta bununla bağlı vəsait də alıb, lakin Ermənistan verdiyi vədləri tutmayıb.

Rusiyalı nüvə fiziki Andrey Ojarkovski də beş il öncə həmin stansiyasının ekoloji fəlakətlər törədə biləcəyi ilə bağlı ciddi xəbərdarlıq edib.

Avropa İttifaqı dəfələrlə bu məsələ ilə bağlı narahatlığını ifadə edib və kompensasiya üçün zavodun istismardan çıxarılması təklif olunub. Bu məsələ Şərq Tərəfdaşlığı Fəaliyyət Planının prioritet nəticələrindən biri kimi hüquqi sənədlərdə təsbit olunub.

Ermənistan və Aİ arasında Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin 42-ci maddəsində regionun enerji təhlükəsizliyini təmin etmək üçün enerji sektorunda əməkdaşlığın şərtləri arasında Metsamor AES-in bağlanması və təhlükəsiz istismardan çıxarılması göstərilir. Aİ sənədlərində yazılır ki, bu nüvə stansiyası beynəlxalq nüvə təhlükəsizliyi tələblərini ödəmək üçün təkmilləşdirilə bilməz.eur-lex.europa

2011-ci ilin aprelində “National Geographic” köhnəlmiş Metsamor AES-in istismar təhlükələrinə məqalə həsr etmişdir.

Türkiyə alimləri və nüfuzlu mütəxəssisləri də dəfələrlə atom stansiyasının bütün region üçün sarsıdıcı ekoloji fəlakətlər törətməsinə toxunub.

Amerikanın məşhur “Bulletin of the Atomic Scientists” jurnalı Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının fəaliyyəti ilə bağlı təhlükədən bəhs edərək beynəlxalq ekoloji təsisatları AES-in bağlanmasına təsir etməyə çağırıb.

Digər nüfuzlu xarici media orqanlarında da Metsamor AES-in Araz çayını çirkləndirməklə insan sağlamlığı və kənd təsərrüfatı üçün ölümcül fəsadları qeyd edilib. thegeopolitics

Ermənistanın Araz çayında kütləvi çirklənmə və ekoloji qətliamının ikinci istiqaməti dağ-mədən sənayesi müəssisələri və metallurgiya zavodlarının fəaliyyəti ilə bağlıdır.

Ermənistanın Arazı çirkləndirən əsas müəssisələri aşağıdakılardır:

Zəngəzur Mis-Molibden Kombinatı

Aqarak Mis-Molibden Müəssisəsi

Kacaran Mis-Molibden Müəssisəsi

Amuldağ (Amulsar) qızıl mədəni şirkəti

Qafan Mədən və Manqan zavodu

Göyçədəkı Daşdəm (Daşdam) qızıl mədəni

Ellyar metallurgiya və sənaye kompleksi

Göyçə (Geqarqunik) Misəritmə zavodu

və digərləri

Həmin iri sənaye şirkətlərinin orta və kiçik törəmələrini də nəzərə alsaq Ermənistanda 26 şirkətin Arazın sənaye zəhərlənməsində iştirak etdiyi məlum olur.

Ümumerməni Ekologiya Cəbhəsinin (AAEF) hazırladığı “Mədən sənayesi qadağandır” hesabatında da Zəngəzur Mis-Molibden Kombinatının fəaliyyətindəki pozuntulara geniş yer verilib. Qacaranda yerləşən nəhəng mis və molibden yatağının sahibi olan zavodunun səhmdarları tullantıları açıq Artsvanik və digər üç qapalı anbara ötürür, tullantılar Noraşenik və Xələc çaylarına, daha sonra isə Oxçuçay (Voxçi) çayına axır.

Hər üç çayın Araza axını var. AAEF bildirir ki, zavod “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunun (maddə 11.6) kobud şəkildə pozur. ecolur

Zavodun çirklənməni son illərdə kəskin artırması isə Zəngəzurun ikinci böyük çayı olan Oxuçayın (Voxçi) suvarma üçün yararsız hala düşməsinə səbəb olub, çayda balıqların isə nəsli kəsilib. azatutyun

Qafan “Sabit İnkişaf” ictimai təşkilatının sədri Armen Parsadanyanın sözlərinə görə, Zəngəzur Mis-Molibden Zavodunun tullantı anbarından təmizlənmiş suyu çaya axıtmaq hüququna malikdir, lakin sudakı ağır metalların çəkisi hədsiz yüksək olduğu üçün normaları aşır. Ekologiya Müfəttişliyinin Sünik şöbəsinin rəhbəri Levon Petrosyan da faktları təsdiqləyib. Yeri gəlmişkən, həmin məqaləyə öz şərhlərini bildirən erməni sakinləri də etiraf edirlər ki, zavodların radioaktiv tullantıları çaylara axıdılır.hetq.am

Ermənistanın Təbiəti Mühafizə Nazirliyi tərəfindən aparılan monitorinqlər zamanı Zəngiəzur Mis-Molibden və Qacaran Mis-Molibden Müəssisəsinin Araz hövzəsi ərazilərin və çayın sənaye tullantıları ilə zəhərləndirildiyi təsdiqlənib. verelq

Həmçinin Ermənistanın fövqəladə hallar naziri Feliks Tsolakyan da yerli ekoloqların suyun çirklənməsini təsdiqlədiklərini deyib. arminfo

Faktla bağlı müəssisə rəhbərliyinə xəbərdarlıq olunub və Zəngəzur Mis-Molibden Zavodu cərimələnib, problemi həll etmək tapşırılıb, nəticə isə hələ də yoxdur. verelq

Ermənistanın keçmiş ətraf mühit naziri bildirib ki, çoxsaylı xəbərdarlıqlara məhəl qoymayan Zəngəzur Mis-Molibden Zavoduna qarşı ətraf mühitə dəymiş ziyanla bağlı bir neçə cinayət işi başlanıb. news.am

2019-cu il 17 oktyabr tarixində Sünik rayon prokurorluğunda Ermənistan Respublikası Cinayət Məcəlləsinin 284-cü maddəsinin 2-ci hissəsinin 1-ci bəndi ilə Oxuçayın boru kəmərinin zədələnməsi və Zəngəzur Mis-Molibden Zavodunun çirkab suları ilə çirkləndirilməsi faktı ilə cinayət işi başlanılıb. armenpress

Zəngəzur Mis-Molibden Zavodunun səhmdarı olan Almaniyanın “Cronimet Mining GmbH” şirkəti də vəziyyətdən narahatlığını ifadə edib, şirkət erməni səhmdar tərəfdaşlarına Araz çayında çirkləndirmənin qarşısını almaq üçün təmizləyici qurğuların inşasını təklif edib. Almaniyanın Azərbaycandakı keçmiş səfiri Volfqanq Maniq Oxçuçayın Ermənistan tərəfindən çirkləndirilməsini təsdiqləyərək zəruri tədbirlər görülməsinin vacibliyini bildirib.

Arazı çirkləndirən digər iri sənaye müəssisəsi ‒ Aqarak Mis-Molibden Zavodudur. Bu müəssisə də ətraf mühitə vurduğu zərərlə bağlı bir neçə dəfə cərimə olunub. Ermənistan Ekologiya Nazirliyi zavodun Araz çayına kimyəvi maddələr sızdırması ilə bağlı məlumatları təsdiqləyərək bildirib ki, İrəvan-Meğri gömrük postunun 381-ci km-də M2 yolundan çaya tərkibində kimyəvi maddələr olan tullantı suları axıdılıb. arminfo

Aravot-un məlumatına görə, Meğri rayon polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat məlumatı həyata keçirilərkən müəyyən edilib ki, Aqarak Mis-Molibden Kombinatı tərəfindən təhlükəli kimyəvi və bioloji maddələr və tullantı suları drenaj boruları vasitəsilə Araz çayına axıdılıb, ətraf mühitə xeyli ziyan vurub. Çayın və ətraf ərazilərin flora və faunasına ziyan dəyib. Faktla bağlı materiallar hazırlanır, məhkəmə-kimyəvi ekspertizası təyin edilib.

Qafandakı Mədən Emalı Zavodunun tərkibində xrom, nikel, mis, molibden, sink, alüminium, vanadium, qurğuşun və digər ağır metallar olan tullantılar da Oxçuçay və Araz çaylarını çirkləndirir.

Eləcə də Aqarak Mis-Molibden Zavodu Kerçivançay (Karçevan) çayı vasitəsilə Araz çayını da ağır metal tərkibli filiz tullantıları ilə zəhərləyir. Burada ildə orta hesabla dörd milyon ton filiz emal olunur. Hazırda zavodun Dəvəzəm tullantıları anbarında 36,8 milyon kubmetrə yaxın təhlükəli tullantıların toplandığı barədə məlumat var. Tullantı anbarından su transsərhəd Araz çayına axıdılır.

Göyçədəki Daşdəm (Daşdam) qızıl mədəninin çirkab suları isə yaxınlıqdakı çayları, o cümlədən içməli suyun əsas mənbəyi olan Bərgüşad (Vorotan) çayını zəhərləyir. Bərgüşad çayı da Araza tökülür.

Amuldağ (Amulsar) qızıl mədəninin istismarı nəticəsində əmələ gələn ağır metal tərkibli filiz tullantıları da Bərgüşada, oradan isə Həkəri çayı vasitəsilə Araz çayına axıdılır.

Qafan Manqan Zavodu da Bərgüşad və Araz çaylarını çirkləndirir.

Mis, sink və qurğuşun istehsalı üzrə ixtisaslaşmış metallurgiya müəssisəsi olan Ellyar zavodu (Kotayk) Arpaçay çayını mis, qurğuşun, kadmium kimi insan sağlamlığına mənfi təsir göstərən ağır metallarla çirkləndirir. Naxçıvan Muxtar Respublikasının ərazisindən axan Arpaçay Araz çayına, oradan isə Xəzər dənizinə tökülür.

Göyçə (Geqarqunik) Misəritmə zavodunun da tullantıları da Araz və Arpaçaya axıdılır. Arazdöyəndə inşa edilən Yerasx poladəritmə zavodunun zəhərli kimyəvi tullantılarının da Araz çayına axıdılacağı istisna edilmir.

Bundan başqa, Araz hövzəsində 34 qum mədəni fəaliyyət göstərir ki, çayın çirklənməsinə səbəb olur, əksəriyyəti qanunsuz fəaliyyət göstərən mədən sahibləri tez-tez çayın məcrasını dəyişdirir ki, ekoloji problem daha da kəskinləşir. Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi Araz çayı vadisində qum karxanalarının istismarı nəticəsində çayın məcrası dəyişdiyini etiraf edir. Keçmiş ekologiya nazirinin müavini Qayane Qabrielyanın sözlərinə görə, təhlükə ölkəni 10-15 ildir ki, qarşı-qarşıya qoyur, indiyədək bu barədə danışılmayıb. Qayane Qabrielyan onu da təsdiqləyib ki, problemin səbəbi Araz vadisində qum mədənlərinin onilliklər boyu nəzarətsiz istismarıdır. Çayın sahillərindən qumun çıxarılması nəticəsində onun məcrası dəyişib. Araz hövzəsində, Ararat və Armavir bölgələrində ən azı 34 qum karxanası fəaliyyət göstərib ki, onlardan 21-i qeyri-qanuni, yalnız 13-ü qanuni olub. am.sputniknews

Qeyd edək ki, Ermənistan və İran arasındakı yaxın və isti münasibətlərə baxmayaraq, onlar da rəsmi İrəvanın bu ağır ekoloji cinayətlərinə kəskin etirazlar səsləndiriblər.

Şərqi Azərbaycan vilayətinin (Ostanının) Ətraf Mühitin Mühafizəsi Xidmətinin sabiq baş direktoru Həmid Qasımi “İRNA” informasiya agentliyinə bildirib ki, Ermənistandan sənaye çirkab sularının daxil olması səbəbindən Araz çayı ciddi ekoloji və sağlamlıq problemləri ilə üzləşib. Problemin 2006-cı ildə başladığını və hələ də davam etdiyini bildirən Qasımi çirklənmə mənbəyinin əsas faktoru kimi Ermənistanda mis-mədən zavodlarının tullantı suları olduğunu xatırladıb.

Şərqi Azərbaycan vilayətinin Mülki Müdafiə Mərkəzinin başçısı Məhəmməd Beygi isə qeyd edib ki, mövcud vəziyyətlə bağlı narahatlıqlar dəfələrlə İrəvan hökumətinin səlahiyyətli üzvlərinə çatdırılıb. İran Parlamentinin üzvü Süməyyə Rəfiyi Ermənistanın Araz çayını çirkləndirməsinin təhlükəli səviyyəyə çatdığını bildirib, eyni zamanda, İran Xarici İşlər Nazirliyi Ermənistandakı səfirindən bununla bağlı qəti addımlar atmağı tələb edib.

İran dəfələrlə Arazdan götürülmüş nümunələrin laboratoriya tədqiqatları nəticəsində Aqarak Mis-Molibden Zavodunun çirklənmədə aktiv rolunu müəyyən edib. Vəziyyətlə bağlı İranın baş prokuroru səviyyəsində narazılıq ifadə olunub. 2021-ci ildə Məhəmməd Cəfər Montazerinin Ermənistana səfəri zamanı da Araz çayının ağır metallar və kimyəvi maddələrlə çirklənməsi məsələsi müzakirə olunub. armenianreport

Arazın çirklənməsində “Aqardenum Mis və Molyb JSC” şirkətinin iştirakı bildirilir.

İranın “Payame ma” qəzeti də bu barədə məlumatlar dərc edib.
İran parlamentinin keçmiş üzvü Məhəmməd Həsənnejadın vəziyyətin ağırlığını Ermənistanın diqqətinə çatdırmaq üçün İrəvana səfər edib. O, İranın Xarici İşlər Nazirliyi çayın çirklənməsinin qarşısını almaq üçün tədbirlər görməli olduğunu bildirib.

Amerikalı ekspert Piter Tase də vəziyyətdən narahatlığını bildirərək İrəvanın Cənubi Qafqaz regionu və ətraf ölkələrin ekosisteminə və ətraf mühitinə bərpası mümkün olmayan ziyan vurduğunu deyib.

Tanınmış britaniyalı jurnalist Neil Vatson da Ermənistanın yaratdığı ekoloji böhrandan xilas olmaq üçün bütün tərəfləri təsirli addımlar atmağa çağırıb.
Azərbaycanın da əlində kifayət qədər əsaslı dəlillər, materiallar var.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Monitorinq Departamentinin apardığı monitorinqlər zamanı Meğri, Qacaran, Qafan və Dəstəyurd (Dastakert) dağ-mədən kombinatlarının yüz min tonlarla qatı turş suları, ağır metal duzları və başqa tullantıları Arazın qolu olan Oxçuçaya axıdıldığı təsdiqlənib.

Ayrı-ayrı vaxtlarda suyun tərkibində misin miqdarı normadan 25-50 dəfə, fenolların miqdarı isə mütəmadi olaraq normadan 6-15 dəfə artıq olub. Əsaslı dəlillər və maddi nümunələr təkcə Araz çayının Saatlı məntəqəsində suyun minerallaşmasının 400 mq/l-dən 1300 mq/l-ə qədər artdığı aşkar edilib. mənbə

Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun əməkdaşları tərəfindən 2015-ci ildə beynəlxalq layihə çərçivəsində (UETM) təbii fəlakət nəticəsində daşqınlara məruz qalmış və əkin üçün istifadə olunan İmişli və Saatlı rayonunun ərazilərində yetişdirilən və əhali tərəfindən istifadə olunan kənd təsərrüfatı bitkilərinin ekogenetik tədqiq zamanı dözülməz mənzərə üzə çıxıb.

Prezident İlham Əliyev 2016-cı il fevralın 13-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “İqlim və enerji təhlükəsizliyi. İstiləşmə hələ də davam edirmi?” mövzusunda keçirilən panel-müzakirə zamanı bildirib ki, ölkəmizi su ilə təchiz edən əsas çaylarımız mənbəyini qonşu ölkələrdən götürür və xüsusilə Ermənistanda çox ciddi çirklənməsi müşahidə olunur.

Prezident İlham Əliyev ötən aydakı çıxışında da beynəlxalq ictimaiyyətin diqqətini yenidən bu mövzuya yönəldib.

Beləliklə Araz çayını çirkləndirən Ermənistandakı dağ-mədən və metallurgiya şirkətləri bu qanunsuz əməlləri və cinayətləri ilə Araz çayından istifadə edən bütün dövlətlərə ağır zərərlər vurur, açıq ekoloji soyqırımı davam etdirir.

Həmin şirkətlərin böyük bir qismi ətraf mühitin qorunması və ekoloji təhlükəsizliyə dair dünya ölkələrinə tövsiyə verən, qlobal ekoloji həmrəylikdən bəhs edən inkişaf etmiş dövlətlərə məxsusdur. Həmin xarici dövlətlərin Ermənistandakı fəaliyyəti bir daha onların ekoloji proqramlara dırnaqarası baxdığını və məsuliyyətsizliyini, eləcə də saxtakarlığını nümayiş etdirir.

Növbəti yazıda, Araz çayının zəhərli maddələrlə çirkləndirilməsində və bu çayın keçdiyi ölkələrin vətəndaşlarının sağlamlığına yaranan ağır təhlükələrdə və ölümlərində birbaşa iştirakçı olan və bu cinayətə şərik olan Ermənistanın dağ-mədən və metallurgiya sənayesinə sahib olan yerli və xarici şirkətlər, ələlxüsus da “GeoProMining”, “AmeliyaMining”, “АSSAT”, “Gegamet Plyus”, “Vallex Group”, “Lydian International Ltd”, “Chaarat Gold International Limited”, “Comsup Commodities”, “Cronimet Mining GmbH”, “GPM Gold”, “Global Gold Armenian Ltd”, “Geologix Group”, “Deccan Gold Mines Ltd”,” Indian Sterlite Gold Ltd” və Argentina, Avstraliya, Fransa, ABŞ, Rusiya, İsveçrə, Niderland, Livan, Yunanıstan, Uruqvay, Hindistan, Kanada və digər dövlətlərin törəmə şirkətləri haqda geniş məlumat təqdim ediləcək.

/faktyoxla.az/


MANŞET XƏBƏRLƏRİ