Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxsin - Yasin Hüseynzadənin edam cəzası bu gün səhər saatlarında icra edilib.
Turkustan.az xəbər verir ki, bu barədə İran KİV-nin məlumatında bildirilib.
Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən İran vətəndaşı Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı - Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.
Azərbaycan tərəfi bu hadisəni səfirliyə edilən terror kimi qiymətləndirib.
Hadisədən dərhal sonra Tehranın Cinayət İşləri üzrə Baş Prokurorluğunun rəhbəri olay yerinə gəlib və ilkin araşdırmalar nəticəsində Yasin Hüseynzadənin şəxsi motivlərlə Azərbaycanın Tehrandakı səfirliyinə hücum etdiyini açıqlayıb.
İlkin istintaqda təqsirləndirilən şəxs iddia edib ki, 2023-cü ilin aprel ayında həyat yoldaşı Azərbaycanın Tehrandakı səfirliyinə gedib və bir daha evə qayıtmayıb.
O, Azərbaycan səfirliyinə hücum motivini belə izah edir: “Mən elə bilirdim ki, həyat yoldaşım Azərbaycanın Tehrandakı səfirliyindədir və mənimlə görüşmək istəmir. Aldığım “Kalaşnikov” avtomatı ilə səfirliyə getməyə qərar verdim".
Tehran Cinayət Məhkəməsində məhkəmə istintaqı başa çatdıqdan sonra prokuror bu iş üzrə təqsirləndirilən şəxsə ən ağır cəzanın – edam cəzasının təyin edilməsini istəyib.
Məhkəmə işə baxdıqdan sonra Azərbaycan səfirliyinə hücum edən şəxs barəsində edam qərarı çıxarılıb və iş hökmün təsdiq edilməsi üçün Ali Məhkəməyə göndərilib.
Ali Məhkəmənin təqsirləndirilən şəxsin cəzasını qüvvədə saxlamasından sonra Yasin Hüseynzadəyə verilən hökm nəhayət icra olunub.
Orxan Əsgərov Bakıdakı İkinci Şəhidlər xiyabanında dəfn edilib. 3 fevral 2023-cü ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə Orxan Rizvan oğlu Əsgərov (ölümündən sonra) "Vətən uğrunda" medalı ilə təltif edilib./modern.az