Azərbaycanda yeniyetmə ölümlərinin altında yatan QORXUNC SƏBƏB bu imiş... – Ortaya çıxdı!


“Son dövrlərdə yeniyetmələr arasında baş verən zorakılıq, qəsdən xəsarət yetirmə və ölüm hallarının artması illərlə baş verən travmatik hadisələrin, uğursuz ailələrin və nəzarətsizliyin nəticəsidir. Elə zərərli vərdişlərə aludə olan ata və analar var ki, ailədə zorakılıq edir, hətta uşağa xəsarət belə yetirirlər. Bu mühitdə travma alan uşaq, yeniyetmə və gənclər ətrafındakı insanlara qarşı aqressiv olurlar”.

Psixoloq Vüsalə Rüstəm bu sözləri Yenisabah.az-a yeniyetmələr arasında baş verən xoşagəlməz halların nəticələri haqda danışarkən deyib. O bildirib ki, yaş dövrü ilə əlaqədar orqanizmdə hormonal aktivlik yüksəlir:

“Bu zaman uşaqlar daha əsəbi və səbirsiz olurlar. Bunun üzərinə uğursuz ailə mühitindəki zorakılıq, valideynlərin bir-birinə şiddət göstərməsi uşaq və yeniyetmənin beynində silinməz travmatik iz buraxır. Valideynlər uşaqları ilə maraqlanmırlar. Uşaqlar müəyyən müddət ərzində təhsil müəssisəsində olurlar. Bu zaman ərzində onlarda baş verən psixoloji dəyişikliyi fənn müəllimi, sinif rəhbəri və məktəb psixoloqu müşahidə etdikdə həm şagirdin özü, həm də valideyni ilə söhbət aparmalıdır.

Yeniyetmələr bullinqə (zorakılıq, təhqir, alçaltma) məruz qaldıqda çox zaman bunu kiməsə deməyi özlərinə utanc bilirlər. Problemi özləri həll etməyə çalışırlar ki, bu da çox zaman faciə ilə nəticələnir. Bunun qarşısını yalnız pedaqoji təcrübəsi olan müəllimlərin müşahidəsi və valideynin diqqəti ala bilər.

Hər zamankı kimi olan bir uşaq birdən-birə özünə qapanırsa, fikri yayınırsa, əsəbi və gərgin olursa, burada iki tərəf olur: bullinqə məruz qoyan və bullinqə məruz qalan. Bullinq edən uşaqlarda davranış pozuntusu müşahidə olunur, valideyn nəzarəti olmur, çox zaman valideynlərin bəziləri zərərli vərdişlərin aludəçisi olur. Bu uşaqlar boşanmış ailələrdən və ana nəzarəti olmayan mühitlərdən çıxaraq müəyyən qruplarda birləşirlər. Onlar küçədə böyüdükləri üçün digər uşaqlardan fiziki cəhətdən güclü olur, döyür və psixoloji təzyiqlər göstərirlər. Kasıb, zəif, sakit və çox zaman sinfə yeni gəlmiş uşaqlar onların hədəfində olur”.

Ekspert qeyd edib ki, bu halları müşahidə edən müəllim və psixoloq belə uşaqlardakı qüsurlar üzərində sistemli şəkildə işləməlidirlər:

“Bullinqə (təhlükəyə, alçaltmaya) məruz qalan uşaqlar isə özlərinə qapanır və təklənirlər. Belə uşaqlar çox nadir hallarda baş verən hadisə haqqında valideynə və ya müəllimə məlumat verirlər. Bunun da səbəbi var: digər uşaqlar onları “qorxaq”, “ana uşağı” adlandıracaq deyə onlar hadisəni gizlətməyə çalışırlar.

Bütün bu faciələrin qarşısını almaq üçün tədris müəssisələri, valideynlər, əlaqədar təşkilatlar və ümumilikdə cəmiyyət öz öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər ki, bu halların sayı azalsın”.


MANŞET XƏBƏRLƏRİ