Azərbaycanda pestisidlərdən istifadənin azaldılması və düzgün istifadəsinə dəstək layihəsinə start verildi


BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi ilə əməkdaşlığı çərçivəsində “Azərbaycanda rasional istifadə yolu ilə pestisidlərdən istifadənin azaldılması, zərərvericilərə və xəstəliklərə nəzarət üzrə aqronomların bilik və bacarıqlarının gücləndirilməsinə texniki yardım” layihəsinə başlanılıb.

Turkustan.az xəbər verir ki, bu barədə Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunda keçirilən tədbirdə bildirilib.

Tədbirdə İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Aqrar Xidmətlər Agentliyinin sədr müavini Anar Əzimov, Bitki Mühafizəsi və Fumiqasiya (Zərərsizləşdirmə) Mərkəzinin direktoru Ceyhun İbrahimov, Türkiyədən dəvət olunmuş təlimçi Birol Akbaş və digər şəxslər çıxış edərək layihənin əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıb.

Bildirilib ki, layihə çərçivəsində 2025-ci ilin 20-23 may tarixlərində Gəncə və Quba şəhərlərində yerli və Türkiyədən dəvət olunmuş mütəxəssislər tərəfindən “Regional təlimçilərin təlimi proqramı” təşkil olunub. Gəncədə təşkil olunan təlimlərdə Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun, Azərbaycan Dövlət Aqrar Universitetinin, Gəncə Regional Təlim Mərkəzinin, Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin, Göygöl, Goranboy, Samux, Daşkəsən və Şəmkir rayonlarının Dövlət Aqrar İnkişaf mərkəzlərinin 26 aparıcı mütəxəssisi, Quba Regional Təlim Mərkəzində təşkil olunan təlimlərdə isə Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun, Quba Bitki Mühafizəsi Mərkəzinin, Quba Aqrar Təlim Mərkəzinin, o cümlədən Quba, Xaçmaz və Qusar Dövlət Aqrar İnkişaf mərkəzlərinin 25 aparıcı mütəxəssisi iştirak edir.

Təlimin sonunda seçilmiş iştirakçılar növbəti mərhələlərdə aqronomların və fermerlərın müvafiq sahədə bilik və bacarıqlarının artırılmasına cəlb olunacaqlar.

Növbəti mərhələdə sözügedən təlimlərə hər iki regiondan ümumilikdə 200-250 aqronom və 1400-1500 fermer cəlb ediləcək.

Layihənin məqsədi seçilmiş milli mütəxəssislərin, xüsusən də aqronomların bilik və bacarıqlarını gücləndirmək, pestisidlərin tətbiqi sahəsində qabaqcıl təcrübələrin öyrənilməsi yolu ilə bu vasitələrin düzgün tətbiqi, boş pestisid qablarının daha yaxşı idarə edilməsi sahəsində fermerlərə və kənd icmalarına effektiv dəstək verməkdir.


MANŞET XƏBƏRLƏRİ