Azərbaycandan C-130 hərbi-nəqliyyat təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə bağlı ilkin texniki detallar üzə çıxıb.
Turkustan.az xəbər verir ki, "Hürriyət" qəzetinin analitiki Uğur Cəbəci bir sıra versiyalar irəli sürüb.
İlkin ehtimallara görə, Türkiyəyə uçan Türkiyə Hava Qüvvələrinə məxsus təyyarənin qanad ucuna yaxın olan dördüncü mühərrik qəfil “feather” vəziyyətinə düşüb və bu zaman pərin dönməsi idarəetməyə nəzarəti çətinləşdirib. Ardınca təyyarədə qəfil sürətlənmə və təxminən 500 metrlik ani yüksəliş baş verib. Bu prosesdə digər qanaddakı ikinci mühərrikdə yağ təzyiqinin düşdüyü, daha sonra sürətin həddən artıq yüksəlməyə başladığı ehtimal edilir.
Güclü titrəmə nəticəsində həmin mühərrikin bir hissəsinin qoparaq təyyarənin arxa strukturuna dəydiyi, bunun isə gövdənin qırılmasına və idarəetmənin tam itirilməsinə gətirib çıxardığı güman olunur.
Mütəxəssislərin rəyinə əsasən, təyyarə başı aşağı vəziyyətə düşərək fırlanmağa başlayıb, zərbə zamanı isə gövdə istehsal konstruksiyasına uyğun şəkildə üç hissəyə — kokpit, orta gövdə və quyruq bölməsinə ayrılıb. Təyyarə yerə çırpıldıqdan sonra yanğın baş verib, parçalanmış hissələr geniş əraziyə yayılıb.
Qəzanın çox qısa müddətdə baş verməsi səbəbindən pilotların SOS çağırışı göndərə bilmədiyi qeyd olunub.
Qəzanın dəqiq səbəbləri “qara qutu”dan əldə ediləcək uçuş məlumatlarının təhlilindən sonra tam müəyyənləşdiriləcək. Bunun üçün həm uçuş məlumatları (FDR), həm də kokpit səslərinin yazıları (CVR) araşdırılır. Prosesə istehsalçı şirkət "Lockheed Martin" də cəlb edilib.
Hadisənin simulyasiyası həyata keçiriləcək və bütün texniki ehtimallar araşdırılacaq./teleqraf