Hünər qalası


Məmməd Kazım – 90

Məmməd Kazımı bir istedadlı şair kimi atam Xudakərim Məftunun söhbətlərindən tanımağa başlamışam. Fikrini yumorla pardaqlayıb deyirdi ki, bu Məmmədlər yəqin peyğəmbərlə adaş olduqlarına görə belə yaxşı yazırlar. Məmməd Araz, Məmməd İsmayıl, Məmməd Aslan... Həmin sırada dostumun imzasını da fəxrlə vurğulayırdı ...

Mən dördüncü sinifdə oxuyarkən “Qönçə” adlı ilk kitabı çıxmışdı Məmməd əminin. Atam maraqlandığımı hiss edərək, açıb bir şeirə nişan vurdu və əzbərləməyimi məsləhət gördü... İndi də kiminsə yolunda çəkdiyim zəhmət tərəfindən qiymətləndirilməyəndə, son misrasını öz-özümə dodaqaltı pıçıldayıram: “Ah, səni nə deyim, ürəyim, ürəyim, ürəyim mənim!”...

Məmməd müəllimlə birinci üzbəüz görüşüm 1977-ci ildə olub. ADU-nun (indiki BDU-nun) kimya fakültəsinin tələbəsi kimi on nəfərlik qrup tərkibində Çexoslavakiyaya (Çexiyanın Pardubitse şəhərinə) bir aylıq təcrübə mübadiləsinə getmişdim. Səfər təəssüratımı qələmə alıb, xoşuna gəlsə, efirdə çıxışımı təşkil etməsi ümidi ilə iş yerinə – Azərbaycan Dövlət Televiziyasına yollandım... Atası İsrafil kişinin bizə hər qonaq gələndə, danışığından sezilən nigaranlıq artıq arxada qalmışdı. Oğlunun böyük ailəynən Bakıya köçməsi riski özünü doğrultmuşdu. Dövlətdən ev almış, balalarına normal gün-güzəran qurmuşdu. Şair kimi məşhurlaşmış, telejurnalist kimi nüfuz qazanmışdı. Layihə ideyaçısı, redaktoru və aparıcısı olduğu “Hünər”in şöhrəti respublikanın sərhədlərini aşmışdı... Məni çox mehriban qarşıladı. Yazımı bəyənincə, vaxt itirmədən gedib rəhbərliklə danışdı. Mövzu öz verilişinə uyarımadığı üçün, başqa redaksiya ilə razılaşıb üç gündən sonra çəkilişə gəlməyimi tapşırdı... Amma çıxışım baş tutmadı. Bir vərəq uzadaraq onda yazılanları üzündən oxumağımı istədilər. Təbii ki, bu qəribə şərti şəxsiyyətimə sığışdırmayıb, Məmməd əminin gözünə görünmədən geri döndüm. Sonralar atamdan vəziyyəti öyrənib mənə haqq qazandırmışdı...

1987-ci ildə Vladimir Qafarov, Ələkbər Salahzadə, Camal Yusifzadə, Maarif Soltan və Nurəddin Ədiloğlu ilə birlikdə bizə qonaq gəlmişdi. Atama, mənim bədii yaradıcılıqla məşğul olmağıma görə sevindiyini, gələcək taleyimlə bağlı arzusunu bildirdi: “İnşaallah Ədəbiyyat İnstitutunu bitirər, yığışıb köçər şəhərə yanımıza”...

Lakin gedişat tamamilə əksini diktə elədi. O, özü gəlib bir müddət rayonda məskunlaşdı. Həm də, çoxlarına həyata keçirilməsi real görünməyən məqsədilə.

1990-cı ilin axırları idi. Moskvadan, imtahan sessiyasından qayıtmışdım. Atam Məmməd əminin qəzet çıxarmaq istədiyini və məni birgə çalışmağa dəvət etdiyini bildirdi. Baxışından anladım ki, razılaşmağımın tərəfdarıdır. Həmin dövrdə respublikada hərc-mərclik, qeyri-müəyyənlik hökm sürürdü. Yəqin bir çoxları kimi ədəbiyyatdan soyumağımdan ehtiyatlanır, redaksiyada daim yazı-pozu arasında olacağımı düşünürdü. Şərtsiz-filansız, alacağım məvacibin miqdarı ilə belə maraqlanmadan, təklifi qəbul etdim.

Artıq növbəti gün Məmməd əminin Masallı şəhərində, rayon İcraiyyə Komitəsinin köhnə binasının ikinci mərtəbəsində kirayələdiyi otaqda “Qala”nın ilk sayı üçün materialların müzakirəsini aparırdıq. Və o, 1991-ci ilin yanvarında, Qanlı Şənbə ərəfəsində iyirmi beş min tirajla işıq üzü gördü.

Qısa müddətdə işimiz respublikaya səs-səda saldı. Təsəvvür edin, bir gündə əlli-altmış məktub alırdıq. Kimlər bizə yazı göndərmirdi ki! Bəxtiyar Vahabzadə, Məmməd Araz, Məmməd İsmayıl, Musa Yaqub...

Vaqif Yusifli demək olar ki, hər sayımıza məqalə təqdim edirdi. Gənc Azər Əbilov (“Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan) Şərqin, Türk dünyasının mənəviyyat qapısını oxucularımızın üzünə taybatay açmışdı...

Gənc qələm sahiblərinə geniş meydan vermişdik. Ağamir Cavad, Əlizadə Nuri, Salam Sarvan, Samir Sədaqətoğlu, Anar Həbiboğlu kimi perspektivli şairlərdən səhifə-səhifə şeirlər dərc edirdik.

Qeyri-peşəkarlardan ibarət kollektivimizdə Şahin Şəhriyar Səmədli kimi mükəmməl jurnalist yetişdi. Şair Nurməmməd Ağa publisistika sahəsində də püxtələşdi. Balayar Sadiq sonralar Bakıda önəmli naşirlərdən biri oldu...

“Qala” dayanmadı, tənəzzülə uğramadı! Sadəcə paytaxtda bədii yazılara münasibətin donduğu, ədəbi mühitin böhran keçirdiyi çətin illərdə vətənpərvər bir missiya yerinə yetirib, mətbuat tariximizin ənginliklərinə çəkildi...

Bu günlərdə sayğı ilə andığımız, 90 yaşını təmtəraqlı şəkildə qeyd etdiyimiz Məmməd Kazım çox məhsuldar ömür yaşayıb. Şair, nasir, dramaturq, tərcüməçi, publisist, ssenarist, jurnalist kimi mənəviyyatımıza rəng qatıb... “Hünər” verilişi və “Qala” qəzeti isə tərcümeyi-halında hər vaxt, hər tərəfdən görünəcəkdir. Hünər qalası kimi!..

Arif FƏRZƏLİ,
şair


MANŞET XƏBƏRLƏRİ