“REPRESSİYA MƏLƏKLƏRİ”NƏ kim sahib çıxacaq?


Uzun illər əvvəldən danışıram. O vaxtlar hər şey safıydı, ya da saf kimi görünürdü. Çoxlu qəzetlər çıxırdı, qəzetlərdə həm də seriallar yazırdılar. Təbii, indi olduğu kimi sevgi serialları daha çox oxunurdu. Məsələn, bir qız evdən küsüb gedir, özü də yağış yağanda, bir bahalı maşını sürən onu yoldan götürür... Və başlayır hər şey. Onda mən də bir serial yazdım çalışdığım rəhmətlik “Express” qəzetində. Adı beləydi: “Qurtuluş yuxuları”. Qarabağın azadlığından bəhs edirdi, sonda Qarabağ azad olunurdu. Şükür, “yuxularım” çin oldu...

Nəsə, dediyim bu deyil. Dünən Ruslan Hüseynin rejissoru olduğu, mənim də azacıq da olsa, zəhmətimi vermək istədiyim “Repressiya mələkləri” adlı hələ çəkilməmiş bir filmin treylerini paylaşdım. Əziz dostlar, sizə hozufason deyim, çox dəhşətli ssenaridi, dəhşətli film ola bilər. Ancaq bu filmə hələ büdcə ayıran yoxdur. Deyə bilərsiniz, külü qoyum başına, camaatın da ssenariləri tökülüb qalıb, bircə sizsiniz? Hə, haqlısınız. O gün Kino Agentliyinin (adını səhv yazdımsa, üzrlü sayın) rəhbəri, böyük dostumuz Orxan Fikrətoğlu açıqlama verdi ki, müsabiqəyə nəsə verməyi özümə sığışdırmıram. Bilmirəm, bəlkə də haqlıdır. Ancaq düşünürəm, bundan sonra hamı zəhmətini çəkdiyi, çəkilməyə haqqı olduğunu düşündüyü işləri sosial şəbəkələrdə paylaşmalıdır. Yəni, demək istədiyim odur ki, bilirəm, bundan da gözəl işlər papaq altda yatır. Yatmasın! Ən böyük müsabiqə elə burada olacaq. Sosial şəbəkəni dəlixanaya döndərənə kimi, gəlin “ssenarixana”ya döndərək. Bəlkə sahibi-yiyəsi tapıla. Beləliklə, “Repressiya mələkləri” bədii-sənədli serialının ilk 20 dəqiqə xronometrajlıq ssenarisini Sizə təqdim edirik! Başqa yol görmədim...

İlham TUMAS

REPRESSİYA MƏLƏKLƏRİ

SSENARİ

Cəzaçəkmə müəssiəsində aparıcı qız reportaj verir: “Əziz tamaşaçılar, Azərbaycanda ilk dəfə ömürlük azadlıqdan mərhum edilmiş şəxsin yazdığı ssenari əsasında film çəkilib. Film ötən əsrin 30-cu illərində repressiyaya məruz qalmış Azərbaycan qadınlarının taleyindən bəhs edir. Bu gün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin nəzdindəki...”.

Müxbir qızın səsi azalır və kəsilir.

Cəzaçəkmə Müəssiəsində salonda qəhrəman (Ağa) oturub, qarşısında müxətlif televiziyaların mikrofonları.

Qoca Ağa: “Bu da qusmətiymiş. Görünür, qismətiymiş ki, onların çəkdikləri əzabları mən də çəkməliydim. Ancaq yenə şükür ki, bu illər ərzində mənə lazımi materialları verdilər, işi başa çatdırdım. Buna görə, həm Dövlətimizə, həm Penitensiar Xidmətə, həm də müəssisə rəhbərliyinə minnətdaram. Düşünürəm, repressiyaya məruz qalmış o mələklərin də ruhları indi şaddır...”.

Filmin adı titrlərlə: REPRESSİYA MƏLƏKLƏRİ

Görüntü:

Müasir həyat. Cavan Ağa qoca bir qadınla söhbət eləyir. Fonda çəkilişə hazırlıq gedir. İşarə dili bilən qız tərcümə eləyir.

Ağa kadrarxası: “Açığı, bu mövzu çoxdan ağlımdaydı, ancaq başlamağa elə həvəsli deyildim. İndi bu mövzular bir az populyar olub, axı... Bir dəfə lal-kar qoca bir qadından film eləyirdim. Çox faciəli taleyi vardı. İş vaxtı onunla aramızda elə doğma münasibət yarandı ki, elə bilirdim, rəhmətlik anamdı. Deyirdi ki, onun atası güllələnib, özü isə anası ilə birlikdə Qazaxıstana sürgünə göndərilib. Maraqlısı, həm də gülməlisi odur ki, onların da hər ikisi lal-kar olublar. Hər ikisini antisovet fəaliyyətdə ittiham eləyərək mühakimə ediblər. Bu lal-kar insanlar hansı günah etdiklərini nə soruşa biliblər, nə də kimsə onlardan soruşub. Kişi güllələnib, ana da qızıyla birlikdə Qazaxıstana sürülüb. Qadın onu da dedi ki, əslində, ona elə gəlir, repressiya olunan qadınların hamısı elə lal-kardırlar. Axı onları da heç kim eşitmir, heç kim nə dediklərinə fikir vermir. Necə ki, mələkləri heç kim eşitmir... Birdən məni elə bil ildırım vurdu. Maraqlı söz dedi bu qoca qadın: “Necə ki, mələkləri heç kim eşitmir...”.

Düşündüm ki, bu vaxta qədər günaha batmışam, günaha batmışam ki, repressiayaya məruz qalmış o qadınlarla bağlı araşdırmamı ləngitmişəm, onların səsini eşitməmişəm. Beləcə, girdi həyatıma bu lal-kar, repressiya mələkləri. Özü də çox pis girdi. Hər şeydə, hər yerdə - işdə, evdə, küçədə - harada olurdumsa, olum, onları görürdüm...”.

Görüntü:

Evdə masa arxasında. 2 qızı, yoldaşı. Səhər yeməyi yeyirlər.

Ağa və həyat yoldaşı Pakizə:

  • Hə, mələklərim, yediniz? Di durun, gedək, dərsə geçikirsiniz.
  • Mələklərim... Hə, repressiya mələklərindən başın ayılanda, öz mələklərinlə məşğul olarsan.

Ağa diksinir. Gözünün qarşısına ayrı-ayrı qadınlara müxtəlif işgəncə halları gəlir.

İşgəncə görüntüləri

  • Niyə belə danışırsan, onların talelərini niyə uşaqların taleyi ilə müqayisə eləyirsən?
  • Müqayisə-filan eləmirəm. Gör neçə gündü üzünü düz-əməlli görmürük. Mən cəhənnəm, heç uşaqlar da görmür. Sənin üçün ailə həyatı budur? Öz ailənə vaxt ayırmırsan, qızlarınla maraqlanmırsan, düşmüsən sümükləri də çürümüş 5-10 qadının dalınca.
  • İşimdi, Pakizə, neyləməliyəm? Atım işimi?
  • Hamı işləyir, ancaq heç kim manyak kimi sənin qədər işinin içinə girib ailəsini unutmayıb. Bu gedişlə elə hamımız sənin repressiya mələklərin olacağıq, deyəsən. Nəsə... Axşam konsert yadından çıxmayıb ki? Eşidirsən? Elyanın konsertini deyirəm. Anam gəlib qızlara gəlib baxacaq. Heç olmasa, ayda-ildə bir dəfə qırağa çıxaq.
  • Yox, yox, nə danışırsan? Niyə yadımdan çıxır? Nadir söz verib, iki dəvətnamə verəcək mənə. Bizdəki Nadir, şou Nadir söz verib. Axşam işdən çıxıb gəlib səni götürərəm.

Qızları götürüb evdən çıxır.

İş otağı.

Nadir və Ağa:

  • Al, bu da sənə dəvətnamə. Nə zülmlə almışam “diva”nın prodüsserindən. Ancaq, bilirəm, arvaddan qorxansan, day neynyiyim?
  • Sağ ol, Nadir, canımı qurtardın...
  • Əşşi, boş ver, belə şeylər sənə qurbandı.

Nadir dönüb iş yoldaşları Ayselə göz vurur:

  • Qulaq as, mələklərinin işi nə yerdədi? Müdir o gün yaman əsəbiləşmişdi. Deyir, Ağa lap ağ eləyib. Gör neçə müddətdi ssenari təklifini alıb, üstəlik avans da, ancaq hələ də ortalıqda bir şey yoxdu. Nə yaman uzandı bu iş?
  • Ağır işdi, Nadir. Sənin üçün şou biznes deyil ee, ciddi işdi...
  • Həəə, bəyənməzsən da, balam. Yadında qalsın, ciddi oğlan, bu şoular olmasa, həyatımız çox boz görünər. Hər şeyin öz yeri var da... Nə bilim, özün bilən məsləhətdi, ancaq görürəm, sənə yaxşılıq yoxdu, bundan sonra görərsən... Aysel, hələ mən də istəyirdim buna Ledi Qaqanın konsertinə bilet düzüm-qoşum.
  • Ledi Qaqa kimdi, Nadir?-
  • Hə, buyur, bu da bu. Bir adam ki, Ledi Qaqanı tanımaya, daha ona nə deyəsən, nəyi başa salasan? Getdim mən, işlərim başımdan aşır.

Nadir otaqdan çıxır.

Aysel və Ağa

  • Ağa, nəsə lazımdısa, mən sənə kömək eləyim. Arxivlik materiallarının tərcüməsini-filanı eləyə bilərəm.
  • Yox, sağ ol, Aysel. Məsələ tərcümədə, yazmaqda deyil. Bu qadınların taleyinə elə girmişəm, çıxa bilmirəm, lap başımı itirmişəm. Bir tərəfdən də evin problemləri. Pakizə də ki... Nəsə...

Dəvətnaməyə baxır. Dəvətnamənin üstündə Elyanın yarıçılpaq şəkli.

Konsertdədirlər. Elya səhnədə oxuyur.

Ağanın gözləri qarşısına repressiya qurbanı musiqiçi Xədicə Qayıbovanın Bayıl həbsxanasında görüntüsü gəlir.

Titrlərlə:

Bayıl həbsxanası. 1937-ci il.

Qadınlar ümumi kameradadırlar. Hamısı kədərli. Xədicə Qayıbova ortadadır. Əlində güzgü özünə baxır, sifətinə qulluq edir. Əynində uzun qollu, çərkəzi paltar var. Son dərəcə şux görünür.

Birdən durub rəqs eləyir:

Mən incəsənət adamıyam, musiqiçiyəm, gərək özümə baxım, əllərim, üzüm xarab olmasın. Sürgünə göndərsələr də, bu paltarı əynimdən çıxaran deyiləm. Onda da bax belə rəqs edəcəyəm...

(demedia.az)


MANŞET XƏBƏRLƏRİ