“Vedibasar mahalı” filminin təqdimatı keçirilib


Nizami Kino Mərkəzində “Vedibasar mahalı” adlı filmin rəsmi təqdimat mərasimi keçirilib.

Turkustan.az xəbər verir ki, tədbirdə ziyalılar, ictimaiyyət nümayəndələri, media təmsilçiləri və Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımız iştirak ediblər.

Təqdimat mərasimi aparıcı tərəfindən açıq elan olunub. Bildirilib ki, film Qərbi Azərbaycandan, xüsusilə Vedibasar bölgəsindən zorla didərgin salınmış insanların talelərinə, deportasiya siyasətinə və məhv edilmiş milli-mədəni irsə həsr olunub. Deportasiya illərində həlak olmuş, eləcə də Azərbaycana pənah gətirdikdən sonra yurd həsrətinə dözməyərək dünyasını dəyişmiş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra filmə xeyir-dua vermək üçün Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədr müavini, elm xadimi, professor Vaqif Şadlinski çıxış edib. O, Vedibasar mahalında baş vermiş hadisələrin unudulmamasının vacibliyini vurğulayıb, filmin tarixi yaddaşın qorunmasına mühüm töhfə verdiyini qeyd edib.

Ardınca Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli çıxış edərək bildirib ki, film tarixi sənədlərə, arxiv materiallarına və mötəbər mənbələrə əsaslanır. Onun sözlərinə görə, Qərbi Azərbaycanda azərbaycanlılara qarşı həyata keçirilmiş deportasiya siyasəti tarixi həqiqətdir və bu cür ekran işləri həmin həqiqətlərin geniş auditoriyaya çatdırılmasına xidmət edir.

Daha sonra filmin yaradıcı heyəti səhnəyə dəvət olunub. Filmin ssenari müəllifi Tural Əliyev, prodüseri Ramil Baba, rejissoru Arif Niftiyev, operatoru Soltan Abdullayev, montajçısı Ülvi Babayev və redaktoru Rəşad Davud tamaşaçılara təqdim olunublar.

Filmin prodüseri Ramil Baba çıxış edərək qeyd edib ki, cənab Prezidentin rəhbərliyi ilə soydaşlarımızın öz dədə-baba yurdlarına — Qərbi Azərbaycana qayıdacağına inamı böyükdür. O, eyni zamanda arzu və ümid etdiyini bildirərək vurğulayıb ki, Qərbi Azərbaycanın digər mahallarına həsr olunacaq filmlərin çəkilişləri gələcəkdə məhz həmin torpaqların özündə baş tutsun.

Filmin ssenari müəllifi Tural Əliyev çıxış edərək “Vedibasar mahalı” filminin ərsəyə gəlməsində göstərilən maddi dəstəyə görə Azərbaycan Respublikası Audiovizual Şurasına minnətdarlığını bildirib. O, eyni zamanda filmə informasiya və media dəstəyi göstərən CBS kanalına, eləcə də layihəyə təşkilati və mənəvi dəstək verən Qərbi Azərbaycan İcmasına təşəkkür edib.

“Vedibasar mahalı” filminin nümayişindən sonra iştirakçılar öz təəssüratlarını bölüşüb, ekran işinin emosional təsiri və sənədli dəyərini yüksək qiymətləndiriblər.

Təqdimat mərasimi bağlanış nitqi ilə yekunlaşıb. Vurğulanıb ki, “Vedibasar mahalı” filmi bir son deyil — tarixi yaddaşı yaşatmaq və həqiqətləri gələcək nəsillərə çatdırmaq məqsədi daşıyan mühüm çağırışdır.


MANŞET XƏBƏRLƏRİ