Rusiya NATO-ya qarşı MÜHARİBƏYƏ HAZIRLAŞIR - Belarusdan HÜCUMA KEÇƏCƏK


Rusiya Belarusda hərbi infrastrukturu genişləndirmək niyyətindədir və bu ölkəni Ukraynaya qarşı döyüş əməliyyatlarının dəstəklənməsi, eləcə də NATO-ya münasibətdə mümkün gələcək hərbi ssenarilər üçün alət kimi nəzərdən keçirir.

Turkustan.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitikləri Rusiyanın Ukraynanın qərb vilayətlərində dəmir yolu infrastrukturuna endirdiyi son zərbələri təhlil edərkən bildiriblər.

Ekspertlər xatırladıblar ki, bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Rusiya qoşunlarının Ukraynanın qərbində dəmir yolu infrastrukturuna pilotsuz uçuş aparatları (PUA) ilə zərbələri artırmaq üçün Belarus ərazisindən istifadə etdiyini bəyan edib.

Onun sözlərinə görə, Rusiya PUA-ları Belarus istiqamətindən buraxır ki, bu da Ukraynanın dronların ələ keçirilməsi sistemlərindən yayınmağa imkan verir. Zelenski Qərbi Ukrayna bölgələrinə “Şahed” dronları ilə hücumların artmasını da bununla izah edib.

Xüsusilə, dekabrın 26-da Rusiya pilotsuz aparatları Belarus sərhədindən 64 km aralıda yerləşən Volın vilayətinin Kovel dəmir yolu stansiyasına zərbə endirib. Hücum nəticəsində Lvov dəmir yoluna məxsus lokomotiv, yük vaqonu zədələnib, həmçinin təmir deposunun pəncərələri sındırılıb.

Bundan başqa, daha əvvəl Rusiya qoşunları Belarus sərhədindən təxminən 50 km məsafədə yerləşən Jitomir vilayətinin Korosten rayonu yaxınlığında yük qatarına hücum ediblər. Zərbə nəticəsində həm yük, həm də sərnişin qatarı relsdən çıxıb. Rusiyalı hərbi blogerlər hücum zamanı süni intellekt elementləri ilə təchiz olunmuş “Şahed” dronlarından istifadə edildiyini iddia ediblər.

Eyni zamanda Ukraynanın radioelektron mübarizə üzrə mütəxəssisi Sergey Beskrestnov hərəkətdə olan qatara endirilən zərbənin Belarus ərazisində ola biləcək operator tərəfindən onlayn idarəetməyə malik FPV tipli “Şahed” dronu vasitəsilə həyata keçirildiyini istisna etməyib.

ISW analitikləri xatırladıblar ki, daha əvvəl Çerniqov və Sumı vilayətlərində kameralar və radioidarəetmə ilə təchiz olunmuş Rusiya dronlarının lokomotivləri təqib etməsi halları qeydə alınıb. Onların fikrincə, Rusiya ya Jitomir vilayətinə PUA buraxılışlarını birbaşa Belarus ərazisindən həyata keçirib, ya da yeni texnoloji həllərdən istifadə edib.

Müharibənin Öyrənilməsi İnstitutunda vurğulanıb ki, Rusiya faktiki olaraq qonşu respublikanın ərazisini hərbi əməliyyatlar üçün platforma kimi istifadə edir – həm 2022-ci ildəki genişmiqyaslı işğal zamanı, həm də sonrakı dövrdə Ukraynaya zərbələr endirərkən. Analitiklər hesab edirlər ki, Moskva Belarus ərazisində hərbi infrastrukturu bundan sonra da genişləndirəcək, bu isə həm Ukraynaya qarşı döyüş əməliyyatlarının dəstəklənməsi, həm də NATO ölkələrinə qarşı mümkün gələcək zərbələr üçün şərait yaradacaq.


MANŞET XƏBƏRLƏRİ