2024-cü ilin 25 dekabr tarixində Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarə ilə bağlı araşdırmanın aralıq hesabatının açıqlanması yeni suallar doğurub. Hesabatda təyyarənin gövdəsində döyüş sursatına xas zədələyici elementlərə bənzər izlərin aşkarlandığı bildirilsə də, bu elementlərin konkret mənşəyi və kimə məxsus olduğu hələlik müəyyən edilməyib. Qazaxıstan tərəfi istintaqın beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun, obyektiv və faktlara əsaslanaraq davam etdirildiyini bəyan edir.
Əgər araşdırma nəticəsində təyyarənin qəzaya uğramasında kənar müdaxilə və ya hərbi sursatdan istifadə faktı təsdiqlənərsə, bu əməli törədənlər hansı formada cəzalandırılacaq?
Globalinfo.az-a danışan AZAL-ın keçmiş prezidenti, birinci dərəcəli təyyarəçi, professor Ədalət Əliyev bildirib ki, konkret dəlilləri ortaya qoymaq üçün Rusiya öz ərazisində istintaq aparmağa şərait yaratmır.
Onun sözlərinə görə, sıradan bir vətəndaş təyyarəni vura bilməz:
“Məlumdur ki, onlar təyyarəmizi hərbi vasitə ilə vurublar. Kimin vurduğunu Qazaxıstan müəyyən edə bilməz, lakin rus özü bilir. Əsas göstərici odur ki, bunu Rusiya edib. Beynəlxalq Mülki Aviasiya Təşkilatının konkret göstərişi var idi ki, müharibə gedən ərazilərə sərnişin reysləri yerinə yetirilməsin. Təəssüf ki, buna əməl olunmur. Məsələ ilə bağlı mütləq qətiyyətli ölçü götürülməlidir. Təəssüf ki, təyyarənin kimin tərəfindən vurulduğunu araşdırmağa Qazaxıstanın səlahiyyəti çatmır. Kreml bunu araşdırmalı, ən azından etiraf etməli idi ki, səhvən vurulub, həmin adam cəzalandırılacaq. Özü də təyyarə təxmini 600-700 metr hündürlükdə vurulub”.
Ədalət Əliyev əlavə edib ki, Rusiya təyyarənin mülki olduğunu bildiyi halda vurub:
“Dispetçer hansı təyyarə olduğunu çox yaxşı görür. Bildikləri halda ki, təyyarə mülkidir, qəsdən vurublar. Heç bir hərbçi özbaşına bu addımı ata bilməz.
Tapşırıq olub ki, vurulsun. Hava limanı ərazisində sən necə təyyarə vura bilərsən? Təyyarənin içində olan qurğu artıq siqnal ötürür ki, hara məxsusdur”.
Müsahibin fikrincə, təyyarəni bilərəkdən vurmaqda məqsəd fərqli ola bilər:
“Bəlkə bunu ediblər ki, ora təyyarə uçmasın bizdən, ya başqa siyasi motiv olub. Konkret fikir bildirmək çətindir. Lakin bunun təcrübəsizlikdən irəli gəldiyini demək olmaz. Onlar təyyarəni şüurlu şəkildə vurublar”.
Ədalət Əliyev bildirib ki, qanunla Rusiya bu əməli törədən şəxsi cəzalandırmalıdır:
“Kreml həmin şəxsi dərhal cəzalandırmalı, komissiya yaratmalı və Azərbaycandan üzr istəməli idi. Amma sadaladığımın heç birini etmədilər. Hətta dəfələrlə Azərbaycan rəsmi olaraq və mətbuatda birbaşa bildirdi ki, təyyarəmiz ruslar tərəfindən vurulub. Boyunlarına almırdılar. AZAL-a məxsus təyyarə vurulduğu an yaxınlığında olan 5 hava limanından birinə buraxılsaydı, Qazaxıstana uçmağına ehtiyac qalmazdı, faciə də baş verməzdi. Rusiya aeroportlarının heç biri onlara kömək etməyib, əksinə, enişi qadağan ediblər. Şüurlu şəkildə bunu ediblər ki, təyyarə Xəzər dənizinə düşsün və izlər itsin, çünki onların texniki xüsusiyyətini yaxşı bilirlər. Dənizə düşmüş olsaydı, nələrisə sübut etmək mümkün olmayacaqdı”.

Ədalət Əliyev
AZAL-ın sabiq prezidenti qeyd edib ki, Rusiya Müdafiə Nazirliyinin tapşırığı əsasında təyyarəmiz vurulub:
“Bunu Müdafiə Nazirliyinin tabeçiliyində olan hərbi hissə edib. Ona görə də mütləq həmin şəxslər cəzalandırılmalı idi. Hansı komandir atəşə icazə veribsə, çox yaxşı bilirlər. Qanuni yolla Azərbaycan birbaşa Rusiya Müdafiə Nazirliyinə qarşı iddia qaldıra bilməz, amma dövlətə qarşı bunu edə bilər. Dövlət isə əməli törədən şəxsin kimliyini açıqlayıb, onu cəzalandırmalıdır. “Bilmədən vurub” məsələsi mümkünsüzdür. Tapşırıq və icazə olmadan göydə quş da uça bilməz. Cinayət törədiblər, cəzalarını da məhkəmə qaydasında almalıdırlar. Mənəvi ziyanı qoyuram bir kənara, 40-a yaxın adamı qətlə yetiriblər! Zəhmət çəkib cavab versinlər! Rusiya ilk dəfə deyil ki, belə cinayətə əl atır”.
Ə.Əliyev illər əvvəl baş verən təyyarə qəzasından da söz açıb:
“2010-cu ildə göyərtəsində Polşa prezidenti və hökumət üzvlərinin olduğu təyyarə qəzaya düşdü. Ordan heç kim sağ çıxmadı. Təyyarənin Rusiya tərəfindən vurulduğuna dair iddialar, məlumatlar var. O zaman onlar heç nə edə bilmədilər, amma bu gün haqqını tələb etməyi bacaran güclü Azərbaycan var! Azərbaycan məsələnin üzərində axıra kimi dayansa və mübarizə aparsa, beynəlxalq səviyyədə məsələ qaldırıla, hadisəni törədən cani beynəlxalq məhkəməyə verilə bilər. Görünür, Kreml o adamı gizlədir ki, təyyarəni vurmaq məqsədləri üzə çıxmasın. Çünki cani məhkəmədə deyə bilər ki, əmri filankəs verdi, mən də vurdum”.
Xatırladaq ki, 2024-cü ilin dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-yə məxsus Bakı-Qroznı reysini həyata keçirən “Embraer” sərnişin təyyarəsi Rusiya səmasında vurulub. Hava gəmisinin “Pantsir S-1” HHM sistemi ilə vurulduğu təsdiqlənib. Təyyarəyə eniş icazəsi verilmədiyi üçün Qazaxıstanın Aktau şəhərinə uçub. Hava gəmisi aeroporta az məsafə qalmış, vurulma səbəbi ilə idarəetməni itirib və qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü ilə birlikdə 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 38 nəfər həyatını itirib.