Səfirlik “Memarlıq və Qadınlar” adlı müsabiqə təşkil edib -FOTO


Böyük Britaniyanın Azərbaycandakı səfirliyi bu ölkənin aparıcı memarlıq şirkətləri olan Zaha Hadid Architects, Chapman Taylor və Scott Brownrigg ilə birlikdə, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Dövlət Rəssamlıq Akademiyası tərəfdaşlığı ilə qadın tələbələr üçün “Memarlıq və Qadınlar” adlı müsabiqə təşkil edib.

Səfirlikdən Turkustan.az-a verilən məlumata görə, müsabiqənin mövzusu “Hər Damlada Ümid: Dəyişiklik üçün İncəsənət və Memarlıq” olub.

Bu, dövrümüzün ən böyük problemlərindən biri olan su qıtlığı və dayanıqlı şəhərsalma həllərinə ehtiyaca toxunur.

Tələbələrə şəhərsalma layihələrində gözlənilən su çatışmazlığına yaradıcı yanaşma dizayn etmək üçün bir ay vaxt verilmişdir.

İşlər Böyük Britaniya memarlıq şirkətləri (Zaha Hadid, Chapman Taylor və Scott Brownrigg) tərəfindən, Azərbaycanda layihələr üzrə təcrübəyə malik tanınmış qadın memarların iştirakı ilə qiymətləndirilib.

Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə Ticarət Elçisi Lord Olderdaysin Azərbaycana ilk rəsmi səfəri çərçivəsində, 11 dekabr 2025-ci il tarixində Zaha Hadid Architects tərəfindən layihələndirilən əzəmətli bina olan Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə müsabiqənin dörd qalibi elan edilib.


MANŞET XƏBƏRLƏRİ