“Uşaqlığın son gecəsi” filmində Zaur rolunu oynayan Qorxmaz Atakişiyev ixtisasca aktyor deyildi və yalnız bir filmə çəkilib. O, əsasən elmi fəaliyyətlə məşğul olub. Ömrünün son illərində tənha və acınacaqlı vəziyyətdə yaşayıb. Uzandığı divandan yıxılıb və yerindəcə keçinib”.
Turkustan.az xəbər verir ki, bu fikirləri jurnalist Anar Tağıyev qeyd edib.
Onun bu paylaşımına izləyicilər maraqlı reaksiyalar veriblər. Sosial media istifadəçisi Təranə Həsənova aktyorla bağlı xatirələrini bölüşüb:
“Qorxmaz müəllimlə bir ali məktəbdə işləmək şərəfi mənə qismət olub. Artıq yaşlı vaxtı idi. Biz onu gözlərindən tanıdıq. Filmdəki gənc Zaurun gözləri qalmaqda idi. Çox təvəzökar insan olub. Mən o zaman sual verdim ki, bu filmdən sonra niyə başqa filmə çəkilməyib. Rəhmətlik dedi ki, o, aktyor olmayıb, ixtisasca iqtisadçı idi. Valideynləri də elm adamları olub, iki qardaş idilər. Böyük qardaşı Moskvada yaşayırmış”.
T.Həsənova bildirib ki, aktyorun bu filmə çəkilməyi də təsadüf nəticəsində olub:
“Dostu ilə parkda gəzərkən, ona yaxınlaşıb filmə çəkilmək istəyib-istəmədiyini soruşublar. Bu söhbətin dəqiq necə olduğunu bilmirəm, amma onun dediklərini təkrar edirəm. Deyirdi ki, maraqlı gəldi və mən də razılıq verdim, çəkildim. Ona “Gün keçdi” filmində Oqtay obrazı da təklif edilib və sınaq çəklişlərinə də dəvət olunub. Lakin Qorxmaz müəllim valideynlərinin məsləhəti ilə Moskvaya qardaşının yanına gedir və uzun müddət orada yaşayır, bir rus qadını ilə evlənir. Qızı və oğlu dünyaya gəlir”.
Qardaşı vəfat edəndən sonra Qorxmaz Atakişiyev yaşlı ata-anasının qayğısına qalmaq üçün Bakıya qayıdır:
“Mən onu sonucu dəfə görəndə bir xeyli söhbət etdik. Onunla həmsöhbət olmaq çox maraqlı idi. Hərtərəfli savadlı, geniş dünyagörüşünə malik, çox ləyaqətli, mədəni, ziyalı biri idi. Bilirdim ki, kirayədə yaşayır. Mən onu görəndə dedi ki, “Ulduz” metrostansiyası tərəfdə bir otaqlı evdə, aylıq 100 manat verərək kirayədə qalır. Ayaqlarında problem var idi. Sonuncu görüşümüzdə addımlarını çox ağır atırdı. Hərdən zəng edib hal-əhval tuturdum. Bir gün mənə cavab gəlmədi. Bir neçə dəfə nömrəni yığdım, tanımadığım bir səs cavab verdi və kim olduğumu soruşdu, keçmiş iş yoldaşı olduğunu dedim. Tanımadığım o şəxs bildirdi ki, Qorxmaz müəllimin vəfat edib. Hadisənin necə olduğunu soruşdum:
“Qorxmaz müəllim hər gün həyətə düşürək gəzib dolanırdı. Ağır yeriyirdi, amma addım-addım olsa da, gəzib dolanırdı. Onu bir neçə gün görmədik, narahat qalmışdıq, müəllim tək yaşayırdı. 3 gündən sonra Fövqəladə Hallar Nazirliyinə zəng vurduq, artıq şübhələnirdik ki, nəsə baş verib. Nazirliyin əməkdaşları qapını sındıraraq içəri daxil oldu. Otaqdan televizorun səsi gəlirdi, biz içəri daxil olanda onu yerə yıxılmış halda gördük. Təcili yardım çağırdıq, həkimlər dedilər ki, artıq 3 gündür dünyasını dəyişib. Bu da bir insanın acı taleyi”.
Xatırladaq ki, Qorxmaz Atakişiyev 13 dekabr 2019-cu ildə vəfat edib./Globalinfo.az