Titulları adının kölgəsində qalan dahi: Üzeyir bəy Xaçaturyanı Azərbaycandan necə didərgin salıb?


Azərbaycan musiqisi deyəndə ağlımıza ilk gələn adam. Milli musiqimizin və operamızın banisi, titulları hər zaman adının kölgəsində dayanan Üzeyir Hacıbəyli.

Bu gün dahi müsiqiçinin vəfatından 75 il ötür.

Azərbaycanın vizit kartı

Üzeyir Hacıbəyli 1885-ci il sentyabrın 18-də Ağcabədidə kənd mirzəsi Əbdülhüseynin ailəsində dünyaya göz açıb. Uşaqlığı Qafqazın “konservatoriyası” - Şuşada keçib. Balaca Üzeyir xalq mahnılarını, muğamları avazla oxuyur, tarda çalırdı. Bu da səbəbsiz deyil. Çünki musiqi beşiyimiz olan Şuşanın zəngin ifaçılıq mühiti balaca Üzeyirin bu sahədə inkişafında xüsusi rol oynayır. O, həm də Azəryacanın vizit kartı sayılır. Dövlət himnimizin musiqisinin məhz Üzeyir Hacıbəyliyə məxsus olması, həm də bizim milli kimliyimizin göstəricisidir.

Müsəlman şərqinin opera yaradıcısı

Şuşada, Tiflisdəki Qori müəllimlər seminariyasında, Moskvada, Sankt-Peterburqda təhsil alan gənc Üzeyir Cəbrayıl qəzasının Hadrut kənd məktəbində, sonra Bakıda müəllim işləyir. Bir müddət “İslamiyyə”, “Təbriz” mehmanxanalarında və kirayədə yaşayır. “Leyli və Məcnun” operettasını mehmanxanada qalarkən yazır. 1908-ci il yanvarın 25-də Hacı Zeynalabdin Tağıyevin teatrında oynanılan “Leyli və Məcnun” ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulub. Gənc Üzeyir “Şeyx Sənan”, “Rüstəm və Söhrab”, “Şah Abbas və Xurşud banu”, “Əsli və Kərəm”, “Harun və Leyla” muğam operalarını yazır.

Şərqdə ilk operettanın yaranması da Üzeyir bəyin adı ilə bağlıdır. Ona böyük uğur və əbədi məşhurluq gətirən həm də “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyaları olur. Onun yaradıcılığının şah əsəri “Koroğlu” operasıdır desək , yanılmarıq. 300-dən çox xalq mahnısını toplayıb nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor üçün əsərlər yazıb.

Qayğıkeş müəllim

Tələbələrinə ata qayğısı ilə yanaşan Üzeyir bəyin tədris prosesinə maraqlı yanaşması vardı. Müəllim tələbələrin mühazirəyə gəlməməsindən şikayətlənəndə Üzeyir bəy təbəssümlə soruşarmış: Əminsiniz ki, sizin mühazirələriniz zamanı auditoriyanın boş qalmasında təkcə tələbələr günahkardır? Oxun hara atıldığını başa düşən müəllim mühazirələrə daha ciddi hazırlaşardı.

Erməni bəstəkarı Azərbaycandan didərgin salan Hacıbəyli

Üzeyir Hacıbəylinin erməni bəstəkarı Aram Xaçaturyanı Azərbaycandan didərgin salmasının maraqlı tarixçəsi var. Üzeyir bəyin assistenti Zaxar Yakovleviç Stelnikin xatirələrində yazır: “Bir gün Mərkəzi Komitədən tapşırıq gəlir ki, Aram Xaçaturyanın əsəri dinlənilsin və bədii şura onu qəbul edib təsdiqləsin. Professor-müəllim heyəti yığışıb Xaçaturyanın simfoniyasını dinləyir. Sonra adəti üzrə Üzeyir bəyin otağında müzakirələr başlayır. Hamı toplaşır. Xaçaturyanı baş tərəfdə oturdurlar. Üzeyir bəy sözə başlayır: “Belə, yoldaşlar! Əgər Çaykovskinin simfoniyasının ifası zamanı trombon bir çərək pauza qədər geciksə, bunu zalda oturan hər bir dinləyici dərhal hiss edər. Xaçaturyanın bu simfoniyasında isə trombonun nəinki gecikdiyini, ümumiyyətlə, çalğıya başlayıb-başlamadığını tamaşaçı yox, heç müəllif özü də hiss edə bilməz”.

Otağa dərin sükut çökür. Bu sükutu Xaçaturyanın addım səsləri pozur. O, portfelini götürüb heç nə demədən otaqdan çıxır. Bu onun Azərbaycandan son gedişi olur...”

“Sənsiz” romansının sədaları altında dəfn olunan bəstəkar

Üzeyir bəy dövrünün ən yüksək mükafatlarına və fəxri adlarına layiq görülüb. Musiqimizin banisi kimi adının tarixə ömürlük həkk edib Üzeyir bəy.

1948-ci ildə vəfat edən Üzeyir Hacıbəylinin dəfnində sözlə izah olunamayacaq izdiham yaşanıb. Dahi bəstəkar Bülbülün ifasında “Sənsiz” romansının sədaları altında Fəxri xiyabanda dəfn olunub. (publika.az)


MANŞET XƏBƏRLƏRİ