Şimali Koreyanın rəsmi dövlət saytları və xəbər portallarında 24 saatdan çox davam edən fasilələr ölkə lideri Kim Çen Inın ölümü ilə bağlı şayiələrə səbəb olub.
Turkustan.az xəbər verir ki, Şimali Koreyanı izləyən Seul mərkəzli NK News nəşri ölkənin bir sıra rəsmi internet resurslarında problemlər yarandığını bildirib.
Məlumata görə, Şimali Koreya Xarici İşlər Nazirliyinin, Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA), hakim İşçi Partiyasının rəsmi qəzeti “Rodong Sinmun”un, “Minju Joson” qəzetinin və “Koreyanın Səsi” xarici radio xidmətinin internet resurslarında 24 saatdan çox davam edən fasilələr qeydə alınıb.
KCNA və “Rodong Sinmun” kimi bəzi saytların fəaliyyəti bərpa olunsa da, digər resurslara girişdə fasilələr davam edir.
Saytlardakı problemlərin texniki nasazlıq, təmir işləri, yoxsa xarici hücum nəticəsində yarandığı hələlik məlum deyil. Kim Çen Inın ölümü ilə bağlı yayılan iddiaları təsdiqləyən rəsmi məlumat yoxdur.
Aytən Yaşar/Turkustan.az