Beynəlxalq axtarışa verdiyimiz şəxsi türk aktyorla səhv saldılar – Erməni mediasının YANLIŞLIĞI - FOTO


Xəbər verdiyimiz kimi, oktyabrın 19-da Azərbaycan Respublikasının Baş Prokurorluğu konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və dini zəmində nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş açıq çağırışlar edən bir qrup Türkiyə vətəndaşını beynəlxalq axtarışa verib.

Həmin şəxslər siyahısında 1975-ci il təvəllüdlü, "Abdurrahman Tumer" adlı şəxsi Facebook profil sahibi Abdurrahman Tumer də var.

Qeyd edək ki, Abdurrahman Tumer aktyordur və "Kurtuluş Orhan", "Mehmet: Fetihler Sultanı" kimi seriallarda köməkçi obrazları canlandırıb:

Fotoda Abdurrahman Tumer:

Ermənistanın “News.am” saytı da sözügedən xəbəri yayımlayıb. Lakin onlar xəbərin baş fotosuna türkiyəli aktyor Celal Alın şəklini qoyublar. Üstəlik, məşhur aktyorun Azərbaycan tərəfindən axtarışa verildiyi ilə bağlı yalan xəbər tirajlayıblar.
Araşdırmamıza görə, Celal Alın beynəlxalq axtarışa verilən Abdurrahman Tumerle heç bir əlaqəsi yoxdur.

Fotoda Celal Al:

Qeyd edək ki, Celal Al Türkiyənin populyar “Diriliş: Ertuğrul” və “Kuruluş: Osman” kimi seriallarında “Abdurrahman Alp” obrazını canlandırıb. Belə görünür ki, erməni jurnalistlər serialdakı obrazın adına əsasən Celal Alla bağlı bu cür yanlışlığa yol veriblər.

Məlumat üçün bildirək ki, istintaq materiallarına əsasən, Abdurrahman Tumer də daxil olmaqla 7 Türkiyə vətəndaşı 19 oktyabr 2026-cı il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar təkrar törədildikdə), 283.2.1 (dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində zor tətbiq etməklə dini nifrət və düşmənçiliyin salınması) və 167-3.1-ci (dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran, belə fəaliyyəti əsaslandıran və onun zəruriliyinə bəraət qazandıran materialların hazırlanması, saxlanması və yayılması) maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.



/Bizim.Media


MANŞET XƏBƏRLƏRİ