Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan TRIPP layihəsi çərçivəsində dəmir yolundan başqa digər infrastrukturun haradan keçəcəyi məsələsinə aydınlıq gətirib.
Turkustan.az xəbər verir ki, nazir bu barədə Ermənistan parlamentinin Xarici əlaqələr komissiyasında TRIPP layihəsi üzrə saziş layihəsini təqdim edərkən danışıb.
“Meğri ərazisində dəmir yolu boyunca qaz və ya neft kəmərinin çəkilməsini o qədər də təsəvvür edə bilmirəm”, – deyə Mirzoyan bildirib.
Onun sözlərinə görə, Araz çayı ilə qayalıqlar arasında yerləşən həmin ərazi çox dardır və burada infrastrukturun yerləşdirilməsi üçün kifayət qədər yer yoxdur. Nazir hesab edir ki, bu ərazidən dəmir yolu və elektrik xətləri keçə bilər. Sovet dövründə də burada oxşar infrastruktur mövcud olub.
Mirzoyan qeyd edib ki, digər infrastruktur xətləri fərqli marşrutlarla çəkilə bilər və söhbət yalnız Sünik vilayətindən getmir.
“Bəlkə də neft kəməri Ermənistanın şimalından keçəcək. Marşrut hələ müəyyənləşdirilməyib. Buna görə də TRIPP-in enindən danışa bilmərəm, çünki belə bir göstərici yoxdur”, – deyə XİN rəhbəri vurğulayıb.
TRIPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) layihəsi Ermənistanın Sünik vilayətindən keçməklə strateji tranzit dəhlizinin yaradılmasını nəzərdə tutur.
Layihənin Ermənistanın yurisdiksiyası çərçivəsində fəaliyyət göstərəcəyi və ölkənin suverenliyinə toxunmayacağı vurğulanır.
Razılaşmaya əsasən, Ermənistan marşrutun inkişafı üçün ABŞ-yə 99 ilədək müddətə müstəsna uzunmüddətli hüquqlar verməyi nəzərdə tutur. Azərbaycan isə bu marşrut vasitəsilə Naxçıvanla quru əlaqəsi qura biləcək.
Layihə çərçivəsində ABŞ-nin nəzarət payına sahib olacağı şirkətin yaradılması, eyni zamanda Ermənistanın prinsipial məsələlər üzrə nəzarət mexanizmlərinin saxlanılması nəzərdə tutulur.
İlkin mərhələdə şirkətdə ABŞ-nin payının 74 faiz, Ermənistanın payının isə 26 faiz olması təklif edilir. Sazişin müddəti uzadılacağı təqdirdə Ermənistanın payının 49 faizə qədər artırılması imkanı da nəzərdə tutulur.
Qeyd edək ki, mayın 26-da ABŞ dövlət katibi Marko Rubionun Ermənistana qısamüddətli səfəri zamanı tərəflər qeyd olunan çərçivə sazişini paraflayıblar. İyunun əvvəlində isə sənəd imzalanıb./modern.az