Tramp Netanyahunun İrana yeni hücum planına qarşı çıxıb – FT


İsrailin Baş naziri Benyamin Netanyahunun İrana qarşı yeni hücumlar planlaşdırdığı, lakin ABŞ Prezidenti Donald Trampın noyabrın 3-də keçiriləcək ara seçkilərindən əvvəl hərbi əməliyyatların yenidən başlamasına qarşı çıxdığı iddia olunur.

Turkustan.az xəbər verir ki, “Financial Times” qəzeti İsrail ordusunun oktyabrın 10-da İranın nüvə obyektlərinə, hökumət binalarına və elektrik stansiyaları da daxil olmaqla mülki infrastruktur obyektlərinə hücum etməyə hazırlaşdığını yazıb.

Məlumata görə, Tramp Netanyahunun planına qarşı çıxaraq ABŞ-da keçiriləcək ara seçkilərdən əvvəl İrana qarşı yeni hücumların həyata keçirilməsini istəməyib.

Nəşrin məlumatında İsrail ordusunun planlaşdırdığı hücumların ABŞ və İsrailin fevral ayında İrana qarşı həyata keçirdiyi əməliyyatlardan daha genişmiqyaslı və dağıdıcı olmasının nəzərdə tutulduğu bildirilir.

Həmçinin iddia olunur ki, İsrail əvvəllər hədəf alınmayan mülki infrastruktur obyektlərini də əhatə edən yeni hədəflər siyahısı hazırlayıb.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ