İtaliyanın maliyyə və moda mərkəzi Milanda oktyabrın 17-18-də yüksək yaşayış xərclərinə və hökumətin siyasətinə qarşı keçirilən etiraz aksiyaları zorakılıqla nəticələnib.
Turkustan.az xəbər verir ki, mağazaların talan edilməsi və kütləvi iğtişaşlardan sonra İtaliya hökuməti təhlükəsizlik tədbirlərini gücləndirərək şəhərə 500 əsgər göndərmək qərarına gəlib.
Rəsmi Roma dövlətin baş verənlərə qətiyyətlə cavab verəcəyini bəyan edib. Şənbə günü yeni nümayişlərin keçirilməsi gözlənilir.
İtaliyanın Baş naziri Corciya Meloni iğtişaşların qarşısını almaq məqsədilə yeni sərt fərman elan edib. Yeni qaydalara əsasən, nümayişlər zamanı beş və ya daha çox nəfərdən ibarət qrupa qoşularaq daş, fişəng və ya çubuq atmaqla başqalarının təhlükəsizliyini təhdid edən şəxsləri beş ilədək həbs və 20 min avroyadək cərimə gözləyir.
Bundan əlavə, vandalizm və ya talan hadisələrində iştirak edən yetkinlik yaşına çatmayan şəxslərin vurduğu ziyana görə onların valideynləri birbaşa maddi məsuliyyət daşıyacaqlar.
Aytən Yaşar/ Turkustan.az