Avtomobil elanları saytında yerləşdirilən 1983-cü il buraxılışlı “LADA (VAZ) 2106” modeli fantastik qiyməti ilə diqqət çəkib.
Turkustan.az xəbər verir ki, Bakıda fəaliyyət göstərən avtosalonlardan biri tərəfindən satışa çıxarılan bu avtomobil üçün nə az, nə çox — düz 89 777 manat məbləğ tələb olunur.
Müqayisə üçün bildirək ki, yerli avtomobil bazarında buraxılış ilindən və texniki vəziyyətindən asılı olaraq standart “VAZ-2106” modellərinin orta qiymət aralığı adətən 3 000 – 8 000 manat civarında dəyişir. Yalnız xüsusi kolleksiya dəyəri daşıyan və ideal vəziyyətdə saxlanılan nadir nüsxələrə yüksək məbləğlər qoyulur ki, bu elandakı qiymət hətta həmin kateqoriya üçün də rekord göstərici hesab olunur.
Elandakı məlumatlara əsasən, göy rəngli sedanın bu qədər baha qiymətləndirilməsinin əsas səbəbi onun yürüşü və toxunulmaz qalmasıdır. Belə ki, 43 il əvvəl Rusiya bazarı üçün istehsal olunan avtomobil cəmi 2 200 kilometr yol qət edib.
Satıcı nəqliyyat vasitəsinin heç bir vuruğunun olmadığını, zavod boyasının üzərində qaldığını və ümumiyyətlə rənglənmədiyini qeyd edib. Avtomobil 69 at gücünə malik 1,3 litrlik benzin mühərriki, mexaniki sürətlər qutusu və arxa ötürücü sistem ilə təchiz olunub./Globalinfo.az



