Avstriyadakı Azərbaycan Mədəniyyət Mərkəzində Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə noyabrın 4-də Azərbaycanın Xalq artisti, görkəmli bəstəkar Faiq Sücəddinovun yaradıcılığına həsr olunmuş musiqili görüş keçirilib.
Avstriyada yaşayan Azərbaycan icmasının nümayəndələrinin iştirak etdiyi tədbir səmimi və mehriban ab-havada baş tutub.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova qonaqları salamlayaraq Faiq Sücəddinovun Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərindən, onun zəngin yaradıcılığından bəhs edib. Direktor bəstəkarın əsərlərinin Azərbaycan musiqi irsində özünəməxsus yer tutduğunu vurğulayaraq tədbirin təşkilinə göstərilən dəstəyə görə Azərbaycan Diasporuna Dəstək Fonduna təşəkkürünü bildirib.
Daha sonra Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev çıxış edərək Avstriyada yaşayan soydaşlarımızı 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib, bu tarixi günün Azərbaycan xalqı üçün daşıdığı xüsusi əhəmiyyəti vurğulayıb. O, eyni zamanda xaricdə yaşayan soydaşlarımızın milli-mədəni irsimizlə bağlılığının qorunması və diaspor icmaları arasında milli birlik və həmrəyliyin gücləndirilməsi baxımından bu cür tədbirlərin mühüm rol oynadığını qeyd edib.
Yaradıcılıq gecəsinin davamında Faiq Sücəddinov sənət yolundan, həyat və yaradıcılığının maraqlı məqamlarından, eləcə də müxtəlif dövrlərə aid xatirələrindən danışıb.
Bəstəkar sevilən əsərlərinin yaranma tarixçələrini iştirakçılarla bölüşərək onların bir neçəsini şəxsən ifa edib.
Musiqili görüş zamanı Faiq Sücəddinovun əsərləri Fatimə Cəfərzadə ifasında Aqşın Tariyeloğlu və Əhəd Nəbiyevin müşayiəti ilə səsləndirilib.
İfaçılar bəstəkarla birlikdə çıxış edərək gecəyə xüsusi musiqi çalarları qatıblar.
Səmimi söhbətlər və canlı musiqi ifaları ilə yadda qalan yaradıcılıq gecəsi Avstriyada yaşayan soydaşlarımız üçün görkəmli bəstəkarla yaxından ünsiyyət qurmaq, onun zəngin yaradıcılığı ilə daha dərindən tanış olmaq imkanı yaradıb.





