Elimizin əvəzsiz ziyalısı


Azərbaycan ictimaiyyətinə, Kəlbəcər elinə ağır itki üz verib. Tanınmış ziyalı, ictimai-siyasi xadim Vəliyəddin İsmayılov dünyasını dəyişib.

Bizim üçün çox ağır olan bu itki münasibətilə övladlarına, yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!

Kəlbəcərin tanınmış qələm sahibi Məhəmməd Nərimanoğlunun Vəliyəddin müəllim haqqında onun vafatından öncə qələmə aldığı yazısını xatirəsinə ithaf olaraq dərc edirik.

Ruhu şad olsun!

Aqil Camal

“Türküstan” qəzetinin Baş redaktoru

Bu yazını bir il bundan öncə sosial şəbəkədə paylaşanda zəng edib mənə təşəkkür elədi. Xeyli DƏRDləşdik. Mənə o qədər səbr və dözüm arzuladı ki. Hətta, ürəyimi azca yükə salmağımı təkidlə istədi. Bir-birimizi yaxından və yaxşı tanıyırdıq. Böyüyüm kimi hər dəfə söhbətimizdən yaddaşımda qalanları dəftərimin ən səliqəli səhifəsinə yazırdım. Bir vaxt baxdım ki, həmin yazıları toplasam bir monoqrafiyadır. Fikrimi bildirdim, "tələsmə",- deyib bunları da əlavə elədi: "...hələ Kəlbəcərə dönənədək çox işlər olacaq. Haqqımda qalın əsər də yaza bilərsən, qələminə bələdəm. Amma hələ ümumi Qarabağ dərdi, Kəlbəcər həsrətlilərin dərdini qələmə alırsan. Bu yükü çətin çəkirsən..." Susdum...

***

Onu gənclik ilərindən tanıyıram,-desəm daha doğru olardı. Söhbət ömrünün müdriklik fəslində qələmi ilə könüllər oxşayan, dəyərli və oxunaqlı yazılarla tanınan Vəliyəddin Misiroğlundan gedir.

Vəliyəddin müəllim barədə xeyli müddətdir ki, düşünür, onun keçdiyi zəngin və həm də keşməkeşli ömür yolu haqqında qələmimi sınamaq istəyirəm. Hətta dəfələrlə olub ki, yazıb məqaləni bitirdikdən sonra fikrimi ifadə edə bilmədiyimi, onu olduğu və gördüyüm, hiss etdiyim kimi ifadə eləyə bilmədiyimdən, mövzuya yenidən qayıtmalı olmuşam. Beləliklə, bu məqalə Vəliyəddin Misiroğlunun 60 illik yubileyindən bugünə kimi fikrimdə, düşüncəmdə yol gəlir. Vəliyəddin müəllimin 70, bu yazının isə 10 yaşı tamam oldu. “Saç-saqqalı ağarmış”, Vəliyəddin müəllim kimi, müdrikləşmiş yazı məni bax beləcə dağa-daşa salıb. Fikrim dağ-daşda qaldığı üçün elə əsas məqamları da oralarda axtarmalı oldum. Amma Vəliyəddin müəllimi son 20-22 ildə daha çox tanıdığımı anlayıb döndüm məcburi köçkünlük ağrılarını, didərginlik, yurdsuzluq dərdləri ilə baş-başa qaldığımız günlərə, aylara...

Vəliyəddin Misiroğlu İsmayılov 1943-cü ildə Kəlbəcər rayonunun Moz Qaraçanlı kəndində anadan olub, 1967-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu, 1972-ci ildə Zafqaziya Komsomol Məktəbini, 1976-cı ildə isə Bakı Ali Partiya Məktəbini bitirib.

Vəliyəddin müəllimin həyat və fəaliyyəti bundan sonra ictimai-siyasi işlərlə sıx bağlı olub. O, 1967-68-ci illərdə Kəlbəcər Rayon Komsomol Komitəsinin təşkilat şöbə müdiri, 1968-73-cü illərdə Kəlbəcər Rayon Komsomol Komitəsinin birinci katibi, rayon partiya komitəsinin təlimatçısı, dörd il Kəlbəcər RPK-nın təşkilat şöbə müdiri, 1980-83-cü illərdə Kəlbəcər Rayon Xalq Nəzarəti Komitəsinin sədri, həmin tarixdən 1989-cu ilədək rayon aqrar-sənaye birliyinin rəisi, 1989-96-cı illərdə Azərbaycan Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi, Ət-Süd Sənaye Nazirliyində şöbə müdiri, baş mütəxəssis vəzifələrində çalışıb. 1996-cı ildən “Azərsu” Səhmdar Cəmiyyətində çalışıb.

Göründüyü kimi, o, ədəbi aləmdən uzaq sahələrin mütəxəssisi kimi tanınıb. Buna baxmayaraq, Vəliyəddin Misiroğlu yaradıcı insanlarla daim əlaqə qurub, özünü onlarla həmfikir və həmkar kimi aparıb.

Əlbəttə, bədii yaradıcılıq insanlara bir çox hallarda genetik olaraq keçir. Bu mənada Vəliyəddin Misiroğlunun dünyaya göz açdığı və uzun illər fəaliyyət göstərdiyi, insanları ilə ünsiyyət qurduğu Kəlbəcərin ədəbi mühiti onun bədii təfəkkürünün formalaşmasında az rol oynamayıb. Məhz bunun nəticəsidir ki, onun bir çox qələm və söz adamları ilə mənzum məktubları və yazışmaları var. Bu sırada xüsusən Dədə Şəmşirin, oğlu Qənbər Şəmşiroğlunun, Bəhmən Vətənoğlunun və digərlərinin adını çəkə bilərik.

Bura qədər qələmə aldıqlarım Vəliyəddin müəllimin tərcümeyihalından götürülmüş qısa xronikadır. Amma bu xronikanın hər səhifəsində çox zəngin yaşanmış bir həyat fəlsəfəsi var, amma hələ yazılır, oxunaqlı olacağına şübhə eləmirəm.

Kəlbəcərdə Aşıq Şəmşir adına rayon mədəniyyət evində, sonra isə “Yenilik” qəzeti redaksiyasında çalışarkən Vəliyəddin müəllimlə ayaqüstü olsa da, həmsöhbətə çevrilmiş və yaxşı müsahib olduğunu bilirdim. Lakin daha zəngin elmi, ədəbi düşüncəyə malik olduğunu didərginlik illərində, belə deyək, kəşf etdim. Tez-tez görüşürük. Çapdan buraxılan kitablarımın ilk oxucusuna və onların haqqında dost-tanışlara ətraflı danışmaqdan yorulmur. İş otağındaki kitab rəfində demək olar ki, kitablarımın hamısı var. Dəfələrlə yanımda qonaqlarına haqqımda o qədər ürəklə söz açıb ki...

Birgə qəzetçilik fəaliyyətimiz:

“xüsusi buraxılış”lar və...

Bir dəfə görüşəndə yeni təklif irəli sürdü: “Gəl bir qəzet təsis eləyək, dərd-sərimizi yazarıq”,-dedi. Bəyənildi bu fikir. O, “Yeni bəşər” adlı qəzeti Ədliyyə Nazirliyində qeydiyyatdan keçirdi. İlk nömrəsini çapa hazırlayarkən Qarabağımızın müdrik və sayılıb-seçilən, müqəddəs ocaq sahibi kimi tanınmış Seyid Yusif ağa dünyasını dəyişdi. Beləliklə, qəzetin ilk sayı jurnal formasında “Seyid Yusif ağa – nurdan yaranıb nura çevrilən insan” adlı “xüsusi buraxılış” kimi çap edildi. Bu, bizi kədərləndirsə də, cənabi-haqqın qanunlarına baş endirəsi olduq. Növbəti sayı çapa hazırlayanda isə xalqımızın daha bir sevimli Söz bəndəsi – Bəhmən Vətənoğlu amansız əcələ tabe oldu. Kəlbəcərə dönənə kimi əcəldən möhlət istəyən Bəhmənimizin Tanrı dərgahına aparan yola, dəfn mərasiminə, göz yaşlarına həsr etdiyimiz “Bəhmən Vətənoğlu: “Bəlkə bir də bitdim, ək məni dünya” adlı “xüsusi buraxılış” da göz yaşları ilə oxundu. Beləliklə, bu qəzetin taleyi elə gətirdi ki, növbəti sayları hazırlamağa cəsarət etmədik. Amma onun əvəzinə vaxtilə və həm də uzun müddət Kəlbəcərdə çıxmış, 1993-cü ildən isə (rayonun Ermənistan tərəfindən işğalı ilə əlaqədar) nəşri dayandırılmış “Yenilik” qəzetinin yenidən oxucu auditoriyasına çıxmasına çalışdıq. Doğrusu, mənəvi dayağa çevrilmiş Vəliyəddin müəllim bu qəzetin maliyyə çətinlikləri ilə üzləşməsinə dözə bilməsə də, bir çoxlarını belə mənəvi məsələyə doğma münasibət göstərməmələrini də bağışlaya bilmir. Çünki qələmə aldığımız məqalələrin çapı üçün, bizim kimi maliyyə problemi ilə üzləşən qəzetçi dostlarımızın ünvanını axtarmalı oluruq.

Vəliyəddin müəllim yaxşı təşkilatçı və ictimaiyyətçi olmasını 1998-ci ildə ulu öndər Heydər Əliyevi ikinci dəfə prezident görmək istəyində olan qaçqın və məcburi köçkünlərin yaratdığı Təşəbbüs Qrupunun səlahiyyətli nümayəndəsi seçiləndə də hiss elədik.

Vəliyəddin müəllimlə tanışlığımızın, əslində, doğmalaşmağımızın tarixi bunlarla, qeyd etdiklərimlə bitmir. Onu kəlbəcərlilərin xeyir-şər məclislərində həmişə görmək olar. Bu da onun bir elin ağsaqqal ziyalısı kimi üzərinə düşən mənəvi borcun layiqincə yerinə yetirməsinin göstəricisidir.

Şair ömrün dəyərliliyini yaşanan günlərin, illərin çoxluğu ilə ölçmür. Görülən işlər, əməllər hər bir insanın həyatda qoyduğu iz, vətəninə, xalqına sadiqlik onun ömür ölçüsüdür. Ömrü sürünməklə yox, şərəflə yaşaya-yaşaya başa vurmaq lazımdır. Torpaqlarımızın azadlığı uğrunda cavan ömrünü fəda vermiş milli qəhrəmanlarımız, gənc alimlərimiz, mədəniyyət və incəsənət xadimlərimiz və şairin özü kimi gənc yazarlarımız ləyaqətli ömür yaşayanların nümunəsidir”.

Vəliyəddin müəllimin Kəlbəcərdən uzaqlarda təmtəraqdan çox uzaq yubileyinə dağ çiçəklərinin ərtini verməsə də, qoşma sovqatını könlümün duyğuları ilə sulayıb cücərtdim ki, həmişə təzə-tər qalsın:

Ömrün zirvəsinə, ay Misiroğlu,

Kaş, o dağlarda çata biləydik.

Dərib dağçiçəyin biz qucaq-qucaq,

Çəməni çiçəyə qata biləydik,

Yubileyə dağlarda çata biləydik.

Quraydıq məclisi göy çəmən üstə,

Gələydi dost-tanış hey dəstə-dəstə.

“Yurd yeri” üstündə, həzin, ahəstə,

Bulaq nəğməsinə yata biləydik,

Yubileyə dağlarda çata biləydik.

Qol götürüb asta-asta süzəydik,

Hər çəməndən bircə çiçək üzəydik.

Ayaqyalın, başı açıq gəzəydik,

Çiçək dənizinə bata biləydik,

Yubileyə dağlarda çata biləydik.

Dilim yenə yaman yerdə kiridi,

Yurd həsrəti min dərdimdən biridi.

Çeşmə kimi gözüm nuru əridi,

Hardan gəldi bir bu xata biləydik,

Yubileyə dağlarda çata biləydik.

Çəkəmmədik Kəlbəcərin nazını,

Çalammadıq Dədə Şəmşir sazını.

Məhəmmədə yazdıranda yazını,

Kəlbəcər ruhunu tuta biləydik,

Yubileyə dağlarda çata biləydik.

Məhəmməd Nərimanoğlu


MANŞET XƏBƏRLƏRİ