“Avanqard” zavodunda baş verən partlayışın səbəbi araşdırılır.
Turkustan.az xəbər verir ki, Rusiya Federasiyasına daxil olan Başqırdıstan Respublikasının Prezidenti Radiy Həbirov ötən gün bölgənin Sterlitamak şəhərində yerləşən “Avanqard” fabrikində baş verən partlayış nəticəsində 3 nəfərin həyatını itirdiyini açıqlayıb.
Radiy Həbirov hadisə ilə bağlı Telegram kanalında verdiyi açıqlamada bildirib ki, partlayış nəticəsində fabrikə məxsus bir bina tamamilə dağılıb:
"Təəssüf ki, 3 nəfər həlak olub. Onların hamısı qadındır. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm."
Həbirov əlavə edib ki, partlayış zamanı 8 nəfər xəsarət alıb, onlardan 5-i hazırda xəstəxanada müalicə olunur.
Fabrikin fəaliyyət sahəsinə toxunan Prezident qeyd edib ki, müəssisədə partlayıcı maddələr istehsal olunur. Bununla belə, partlayışın pilotsuz uçuş aparatı (PUA) hücumu nəticəsində baş vermədiyini vurğulayıb:
“Partlayışın səbəbi araşdırılır. Bu, PUA hücumu deyildi.”
Hadisə ilə bağlı araşdırma davam etdirilir.
Aytən Yaşar/ Turkustan.az