Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında Budapeştdə keçirilməsi planlaşdırılan görüş Avropa rəsmiləri tərəfindən diqqətlə izlənilir.
Turkustan.az xəbər verir ki, nəşrin məlumatına görə, görüşün Macarıstanın paytaxtı Budapeştdə keçirilməsi bəzi Avropa liderlərini və beynəlxalq təşkilatların rəhbərliyini narahat edə bilər. Mənbələrin bildirdiyinə görə, sammitin məkanı bu görüşə müxtəlif siyasi və simvolik mənalar yükləyə bilər.
“Görüş yeri diqqətlə seçilib. Bu, Rusiya üçün əlverişli ola bilər və Aİ daxilində Kremllə bağlı yanaşmalarda fikir ayrılıqlarını önə çıxara bilər”, – deyə, avropalı diplomat “El Pais”ə bildirib.
Nəşrin digər mənbələri isə görüşün bəzi siyasi dairələrdə “siyasi çətinliklərə səbəb ola biləcəyi” ehtimalını irəli sürür. Bildirilir ki, sammitin Macarıstanın baş naziri Viktor Orban üçün də daxili siyasətdə əhəmiyyətli təsirləri ola bilər, xüsusilə 2026-cı ildə ölkədə keçiriləcək parlament seçkiləri ərəfəsində.
Hazırda rəsmi dairələrdən görüşün detalları ilə bağlı əlavə açıqlama verilməyib.
Aytən Yaşar/ Turkustan.az