Turan Uğurun “Gecikmiş yazı” adlı araşdırması haqqında



İŞIQLI ATALI

Turan Uğurun “Gecikmiş yazı” adlı araşdırmasında ulusal varlığımızın, kimliyimizin bənzərsiz ifadəçisi Türk dilimizin adı haqqında İqrar Əliyevin “faktlarına” yanaşması ulusal yanğılı, tarixi baxımdan məntiqli, faktlı, habelə bəşəri baxımdan ədalətlidir.

Türk ruhunun bənzərsiz insançılığı bəşərə örnəkdir. Qəhrəman dilimiz tarix boyunca özümlüyümüzdən ayrıldığımız, halsızlaşdığımız çağlarda belə fitrətimizin ifadəsi olaraq bənzərsizliyini, döyüşkənliyini qoruyub saxlayıb. Deməli, fitrətimiz bizi ölməyə - yox olmağa qoymayıb.

Əcdadlarımızın tarix boyunca yaşantıları haqda bilgimiz onu deyir ki, dilimiz üzdəki (zahiri) dəyişikliklərə baxmayaraq bir kök üstə inkişaf edərək bugünlərə gəlib çıxıb, mayasındakı türklük ruhunu qoruyub.

Çağdaş dünyada Türk dili deyəndə Türkiyə türkcəsi nəzərdə tutulur. Bugünkü durumumuz üçün aydınlaşdırıcı olsun deyə, Azərbaycan türkcəsi anlayışını daha uyğun saymaq olar.

Sabahımız üçün isə Türk Ulusu, Türk dilinin birliyi məsələsinin ruhsal (mənəvi) əsaslarının ciddi şəkildə ömürləşməsinin qaçılmazlığı var. Tarix boyunca parçalanmağımızın, təkcə maddi (ərazi) baxımdan deyil, ilk növbədə ruhsal itkilərimizin nədəni Türk Ruhuna tam mənasıyla yiyə durmamağımız, bu özüldə inkişaf etməməyimiz olub.

Yazıda İnam Atanın (Asif Atanın) Zərdüştlüyə münasibəti ərdəmliklə sunulur. Atanın yanaşmasından da görünür ki, Zərdüştün “Avesta”sı Türk Ruhunun ifadəsidir, Midiya da Türk ölkəsidir. Ata bu qənaətini sözgəlişi demir, ruhunun, idrakının məntiqiylə əsaslandırır. Atanın onillərlə dünya tarixini, mədəniyyətini, ədəbiyyatını, fəlsəfəsini və s. dərindən araşdırdığını oxucu gözəl bilir. Yaradıcılığının ifadəsi olaraq əsərlərində həqiqətçiliyə əsaslanıb. Acı da olsa qədim dövrümüzdən bizə ulusallığımızı sübut edən faktlar demək olar, çox az gəlib çatıb. Türkü sevməyənlər bacardıqları qədər ruhumuzun, tariximizin soraqlarını yox edib, habelə özgələşdiriblər.

Turan Uğurun soydaş – insançı bir sevgi, məsuliyyətlə bu haqda araşdırmaçılığı gərəkli yönün ardıcıl aparılmasını istəyir.

Sabahımızda ardıcıl ulus, dövlət kimi var olmalıyıq, deməli, içimizə, var olmaq imkanlarımıza diqqətlə, məsuliyyətlə, ardıcıl yaradıcı baxmalıyıq.

Düşünürəm ki, ulus olaraq sabahımızda İnam Atanın (Asif Atanın) Mütləqə İnam Dünyabaxışı ruhsal birliyimizi yaratmaq, habelə bəşəri İnsanlıq özülü üstə yaşatmağa, ulusallığımızı ömürləşdirməyə qadirdir. Əgər İnam Ata (Asif Ata) Türkün fitrətinə, tükənməyən imkanlarına inanmasaydı, bu imkanları özündə aşkarlamasaydı, bənzərsiz fəlsəfi təlimini yarada bilməzdi. 30 il öncə Azərbaycan radiosu üçün yazdığım “Türkçülük İnsançılığı” adlı təmasda (müsahibədə) Ata Zərdüştlüyü özül (təməl) olaraq sunur, Zərdüşt – Midiya bağını məntiqi baxımdan əsaslandırır.

Açımı “möhkəm” anlamına gələn Türk sözü qədimdən üzü bəri inadla, inamla, fitrətimizdən güc alaraq əbədi sabahlara doğru yol gedir.

Turan Uğura yeni yaradıcılıq uğurları diləyirəm.


MANŞET XƏBƏRLƏRİ