Qürurla anırıq!


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür. Ümummilli lideri sayğılarla anıb, ruhuna şadlıq dilərkən o böyük tarixi şəxsiyyətin həyat və fəaliyyətinə bir daha nəzər yetirmək yalnız vəfa borcu deyil, eyni zamanda mənəvi öhdəlikdir, dövlətçilik sədaqətidir.
Heydər Əliyevin layiqli siyasi davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə qazandığımız çağdaş uğurlar məhz Heydər Əliyev adının işığında baş tutub. Bugünkü uğurlarımızın təməllərinin atılması, şəkillənməsi məhz Heydər Əliyev irsinə əsaslanır. Ümummilli lider bugünləri görürdü, bügünlərə inanırdı və məhz bu inamın nəticəsiydi olaraq deyirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. - Bu uzaqgörən və öz təsdiqini tam tapmış sözlər illər öncə - 2003-cü il oktyabrın 1-də - Prezident seçkiləri ərəfəsində deyilib. Həmin müraciət Ümummilli liderin Xalqa son müraciəti olma özəlliyini daşıyır. Bəli, çox qürurluyuq ki, Ümummilli liderin 101-ci ildönümündə ərazi bütövlüyü bərpa olunmuş, suverenliyi təmin olunmuş Qalib Ölkənin vətəndaşları olaraq yaşayır, yaradırıq. Yaşatmaq, qurub-yaratmaq Ümummilli liderin də, Prezident İlham Əliyevin də, 20 yaşlı Heydər Əliyev Fondunun da özkeçmişini, əməli fəaliyyət üslubunu ifadə edir. Bu, xalqımızın xarakterindən qaynaqlanır. Biz alnıaçıq xalq, qədirbilən toplum olaraq, Ümummilli liderin anadan olmasının 101-ci əlamətdar ildönümünə Qarabağda, Gündoğar Zəngəzurda böyük quruculuq-abadlıq işləri ilə gəlmişik.

Biz, əlbəttə, Ümummilli liderin həyat və fəaliyyətinin dillər əzbəri olan hadisələrini bilir, təbliğ-tərənnüm edirik; bununla belə, o Böyük Ömrün bugünümüzdə öz işığı ilə iştirakı, uğurlarımıza vəsilə olması daha çox vurğulanmalıdır. Heydər Əliyev kimi tarixi şəxsiyyətləri olan xalqlar xoşbəxtdir. Biz belə xoşbəxt xalqlardan olmaqla bərabər, İlham Əliyev kimi liderimiz olduğu üçün çox şanslıyıq. - Heydər Əliyev Dövlətçilik Məktəbinin davam və inkişafı bizim bundan sonrakı uğurlarımızın da müjdəçisidir. Biz son illər ard-arda möcüzəvi hadisələr yaşamaqdayıq: 27 sentyabr 2020-ci il əks-hücumu və o əks-hücümun 44 gün içində 30 illik işğalın sonunu gətirməsi, Şuşanın görünməmiş qəhrəmanlıqla qurtuluşu, Laçın-Gorus aralığında (Azərbaycan-Ermənistan şərti dövlət sərhədində) DSX-nın postunun qoyulması, 19-20 sentyabr (bir sutkadan az sürən) antiterror tədbirləri, Xankəndidə, Xocalıda bayrağımızın ucaldılması, Qazaxın kəndlərinin qaytarılmağa başlanması və b!..

Müzəffər Ali Baş Komandanın 8 noyabr 2020-ci ildə dediyi məşhur sözlər bizim vurğularımızın ən sərrast ümumiləşdirməsi kimi qəbuldur: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları”.

Biz də Ümummilli liderimizin əlamətdar doğum günündə dünya azərbaycanlılarına 101 kərə gözaydınlığı veririr ki, Heydər Əliyev kimi böyük şəxsiyyət bizim xalqımızın bəxtinə Günəş kimi doğub! Günəş Günəşdir - o, heç zaman sönmür!

Fikrət ƏLİYEV,
YAP Binəqədi rayon təşkilatı “UNİTY-Company” ərazi partiya təşkilatının sədri


MANŞET XƏBƏRLƏRİ