Bu şəxslər sertifikatlaşdırma imtahanına çağırılmayacaq – Siyahı açıqlandı


Dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllim və metodistlərin sertifikatlaşdırılması üzrə test imtahanları keçiriləcək.

Turkustan.az xəbər verir ki, imtahanların dekabrın 5–6-da təşkili nəzərdə tutulub.

Sertifikatlaşdırma imtahanında iştirakçılara məktəbəqədər təhsilin məzmunu və metodikası, həmçinin uşaq və yaş psixologiyası üzrə 60 sual təqdim ediləcək. Suallar məzmun və metodika, təhlükəsizlik, pedaqoji etika və əməkdaşlıq, eləcə də özünüinkişaf istiqamətlərini əhatə edəcək.

Test imtahanı kompüter vasitəsilə elektron qaydada keçiriləcək və iştirakçılara sualları cavablandırmaq üçün 120 dəqiqə vaxt veriləcək. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək. Səhv cavablar və cavabsız suallar isə bal itkisinə səbəb olmayacaq.

Sertifikatlaşdırmanın əsas məqsədi məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji işçilərin peşəkarlıq səviyyəsini və peşə yararlılığını yoxlamaq, onların peşəkar inkişafını təmin etmək, eləcə də təlim ehtiyaclarını müəyyənləşdirməkdir.

Qanunvericiliyə əsasən, hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə çalışan qadınlar, uşağını təkbaşına böyüdən kişilər, ilk dəfə işə qəbul olunan şəxslər (üç il müddətində), eləcə də azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər bu prosesdə iştirak etməyəcəklər. 60 və daha yuxarı yaşda olan şəxslərin iştirakı isə könüllüdür.

Qeyd edək ki, sertifikatlaşdırma 14 şəhər üzrə 21 mərkəzdə təşkil olunacaq. Prosesdə 9 minə yaxın şəxsin iştirakı gözlənilir.

İmtahanın vaxtı və keçiriləcəyi yer barədə məlumatlar iştirakçıların şəxsi kabinetlərinə göndərilib. Nəticələr proqram təminatı vasitəsilə avtomatik hesablanacaq və imtahan başa çatdıqdan dərhal sonra elan ediləcək.


MANŞET XƏBƏRLƏRİ