Baltikyanı ölkələrdə naməlum pilotsuz uçuş aparatlarının (PUA) yaratdığı təhlükə və Ukraynanın Rusiyanın strateji Ust-Luqa limanına hücumu regionda gərginliyi artırıb. Litva, Latviya və Estoniyada sığınacaq siqnalları verilib, NATO qırıcıları havaya qaldırılıb, bəzi hava limanlarının fəaliyyəti müvəqqəti dayandırılıb. Hadisələr müharibənin NATO sərhədlərinə sıçraya biləcəyi ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib.
Turkustan.az Globalinfo.az-a istinadən xəbər verir ki, Litvanın 300 min əhalisi olan ikinci böyük şəhəri Kaunas da həyəcan siqnalının əhatə dairəsinə daxil edilib. Ölkənin Baş Qərargah rəisi Giedrius Premeneckas naməlum PUA-ları vurmaq cəhdlərinin nəticəsiz qaldığını, aparatların elektron müharibə vasitələrinin təsiri ilə istiqamətini itirmiş ola biləcəyini bildirib.
Eyni gecə Ukraynaya məxsus olduğu ehtimal edilən PUA-lar Rusiyanın Baltik sahilində yerləşən strateji Ust-Luqa limanını hədəf alıb.
Mövzu ilə bağlı danışan türk siyasi şərhçi Murat Jane bildirib ki, Baltikyanı bölgədə baş verənlər ciddi təhlükəsizlik xəbərdarlığıdır. Bununla belə, hadisələri birbaşa NATO–Rusiya müharibəsinin başlanğıcı kimi qiymətləndirmək doğru olmaz.
Ekspert PUA-ların vurula bilməməsinin NATO-nun müdafiə imkanlarının tamamilə iflasa uğraması kimi qiymətləndirilməsinə qarşı çıxıb. Onun sözlərinə görə, Litvada iki dəfə qarşısınıalma cəhdi həyata keçirilsə də, Kaunas üzərində mülki əhalinin təhlükəsizliyi səbəbindən atəş açılmadığı bildirilib.
Onun sözlərinə görə, müharibənin ağırlıq mərkəzinin Baltikyanı bölgəyə keçdiyini söyləmək üçün hələ kifayət qədər əsas yoxdur. Lakin Rusiya-Ukrayna müharibəsinin təsirləri artıq iki ölkənin hüdudlarını aşaraq Şərqi Avropanı və NATO-nun təhlükəsizlik maraqlarını əhatə edir.
Qara dəniz təhlükəsizliyinin Türkiyə üçün son dərəcə vacib olduğunu deyən ekspert həm Rusiya, həm də Ukrayna PUA-larının bölgədə yaratdığı qeyri-sabitliyə diqqət çəkib. Onun fikrincə, müdafiə və müşahidə imkanlarına tələbat artarsa, Türkiyənin töhfəsinə dair gözləntilər də yüksələ bilər.