Həsən bəy Zərdabinin ictimai-siyasi görüşləri



Müstəqil Ağayev
MEA Fəlsəfə və Sosiologiya İnstitutu
Azərbaycan fəlsəfə tarixi şöbəsinin aparıcı
elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru,
dosent, Qabaqcıl Maarif Xadimi

(I yazı)

(əvvəli BU LİNKDƏ)

Həsən bəyin qarşısında ya çıxıb getmək, ya da dövlət qulluğundan əl çəkmək təklifi qoyuldu. Zərdabi öz xalqından ayrı həyatı mənasız hesab edirdi. Ona görə də Azərbaycandan şıxıb getməkdənsə , dövlət xidmətindən əl çəkməyi üstsn tutmuşdu.

Lakin Zərdabi əsla ruhdan düşməmiş, öz maarifçilik fəaliyyətini davam etdirmişdir. Zərdabi həyatının 16 ilini kəndlilərin içərisində keçirmişdir. O bu müddət ərzində kəndlilərin acınacaqlı həyat tərzini, onların ağır əməyini, psixologiyasaını müşahidə etmiş, adət-ənənələrini dərindən öyrənmiş, onların sevinci Zərdabinin sevinci, onların kədəri Zərdabinin kədəri olmuşdur.

Demək olar ki, Zərdabi ömrünün sonuna kimi hər yerdə, hər cür şəraitdə yoxsul kəndlilərin mənafeyinin cəsarətli, qorxmaz müdafiəçisi kimi çıxış etmişdir. O, Tiflisdə çıxan “Kavkaz” , “Novoye obozreniye”, “Ziya”(“Ziyayi-Qafqaz”), Bakıda çıxan “Kaspi” və başqa qəzetlərə müntəzəm surətdə məqalələr yazaraq, bir tərəfdən kəndliləri zəli kimi soran qolçomaqları, kəndxudaları, kəndlilərin avamlığından istifadə edib onları aldadan və amansız surətdə istismar edən mollaları, müridizm şeyxlərini, rüşvətxor çar məmurlarını və başqa cəhalətpərəstləri özünəməxsus bir cəsarətlə ifşa etmiş, digər tərəfdən, kəndliləri öz hüquqlarını anlamağa, başa düşməyə, hər cür zülmə qarşı öz narazılığını və qəzəbini bildirməyə, istismara qarşı müqavimət göstərməyə çağırmışdır.

Zərdabinin kənddəki fəaliyyəti də , Bakıda olduğu kimi, eyni dərəcədə kəndli əməyini istismar edən mülkədarları, mollaları, şeyxləri, kəndlərdə özbaşınalığ edən çar məmurlarını narahat etmişdir. Bunu demək kifayətdir ki, kənddə olduğu dövrdə Zərdabi kəndlilərin mənafeyini müdafiə etdiyi üçün müxtəlif bəhanələrlə beş dəfə məhkəmə məsuliyyətinə cəlb olunmuşdur. Zərdabi bu məhkəmə proseslərindən kəndlilərin hüquqsuz vəziyyətini göstərmək və çar məmurlarının özbaşınalığını ifşa etmək üçün istifadə etmişdir.

Həsən bəy 1896-cı ildə Zərdabdan Bakjıya qayıtmış və ömrünün axırına kimi “Kaspi” qəzetində əməkdaşlıq etmişdir. O bu müddət ərzində sadəcə olaraq bir jurnalist olub qalmamış, qızğın ictimai və bəzən də siyasi fəaliyyət göstərmişdir. Yeddi il ərzində Bakı şəhər Dövlət Dumasının üzvü olmuş və şəhər zəhmətkeşlərinin mənafeyi uğrunda mərdliklə mübarizə aparmışdır. 1896-cı il yanvarın 19-da Zərdabi Bakı qubernatoruna ərizə yazmış, Bakıda azərbaycanlı qızlar üçn birsinifli məktəb açmağa icazə istəmişdi. Lakin Göyçay qəza polis rəisi Bakı general qubernatoruna göndərdiyi gizli məktubunda Zərdabini siyasi cəhətdən etibarsız və dövlət üçün çix təhlükəli bir adam olduğunu qeyd etmişdi.

Buna görə də Bakı general qubernatoru Həsən bəy Zərdabinin xahişini rədd etmişdi. Lakin bundan sonra da Zərdabi ruhdan düşməmiş, şəhər dumasında bir sıra mədəni-maarif komissiyalarının üzvü olaraq xalq işi uğrunda mübarizə aparmış və xalqın qanını soranları ifşa etmək üçün duma tribunasından istifadə etmişdir.

Zərdabi həmişə kəndlilərin və şəhər yoxsullarının mənafeyini müdafiə etmişdir. O hər dəfə xalq deyərkən, əsasən kəndliləri və şəhər yoxsullarını nəzərdə tuturdu. Həsən bəy zəhmətkeşlərin azadlıq məsələsini “təbii hüquq”la əlaqələndirmişdir. O yazırdı ki, “hər bir dünyaya gələn insan azad yaşamaq və xoşbəxt olmaq hüququna malikdir.”

Zərdabiyə gərə, cəmiyyətdə mövcud olan bütün ədalətsizliyin və haqsızlığın səbəbi insanların azadlıq və sərbəstlikdən məhrum olmasıdır. O, qeyd etmişdir ki, cəmiyyət üzvləri tam azad olmadıqca, cəmiyyətdə tərəqqi mümkün deyildir. Zərdabinin zənnincə, öz azadlığının qeydinə qalmayan adamı insan saymaq olmaz. O deyirdi: “Qardaşlar, hökumət ya dövlət və qeyri ilə adam insan olmaz. Hər kəs öz vücudunun qədrini bilib insaniyyət ixtiyar və borclarını azad etmək ilə insan olar.”

Zərdabi insanın hər cür təhqirə dözməsinə qareşı ciddi etiraz edir, həmyerlilərini mübarizəyə, öz insani hüquqlarını, izzət və şərəfini qorumağa çağırırdı. Öz şərəfini, hüquq və mənliyini qorumaq qeydinə qalmayan insanları Həsən bəy heyvandan da aciz hesab edirdi. O, elmi yaşamaq uğrunda mübarizədə başlıca vasitələrdən biri hesab edir və yazırdı : “Xoşgüzəranlıq və ləzzət çölə tökülməyib ki, hər kəs axtarıb tapsın. Güc və rəşidlik iş görməz, onun əsbabı ancaq ağıldır və ağıl bir şeydir ki, işlətdikcə tərəqqi edər, yəni elm, təhsil etdikcən ağıl da artar”.

Zərdabi belə bir sadəlövh fikrə gəlmişdi ki, əgər əhali arasında elm, maarif və mədəniyyət geniş yayılsa, zəhmətkeşlər öz hüquq və ixtiyarlarını başa düşər və bu hüquqların tapdalanmasına yol verməzlər, istismarçılar isə elmli, rəhimli, ədalətli və insaflı olsalar, zülmü azaldarlar. Zərdabi xalqın əzab və iztirabları hesabına var-dövlət qazanan bəyləri, xanları, mollaları, şeyxləri, zahidləri amansız- casına qamçılayaraq, onları həşərat adlandırır və xəbərdar edirdi ki, “ Sizin dolanacağınız xalq ilədir və diriliyiniz onun diriliyinə moqufdur. Necə ki, insan qarnında zindəganlıq edən qurdlar insan yediyi xörək ilə dolanır və insan vəfat edənndə onlar həm vəfat edir, habelə, siz xalqın qanını sorub , onu puç edib özünüz həm puç olacaqsınız.”

Zərdabi elmin, maarifin yayılmasında, xalqın ümumi tərəqqisində dini mövhumatı, islam dininin ayrı-ayrı ehkamlarını başlıca maneə hesab edirdi. Buna göerə də o, dini mövhumata və islam dininin bir sıra mürtəce ayinlərinə qarşı kəskin mübarizə aparırdı. Lakin o, dinin tənqidində ardıcıl ateizm mövqeyində dura bilməmişdir. Zərdabi çox halda islam dininin özünü deyil, onun ayrı-arı ehkamlarının və müsəlman ruhanilərinin tənqidinə daha geniş yer vermişdir.

O, hətta, bəzən ruhanilərin acgözlüyünü və əxlaq düşkünlüyünü tənqid edərkən, Quran və şəriətdən misallar gətirib bunları ruhanilərin hərəkətlərinə qarşı qoyurdu. “Dil və din” adlı məqaləsində də o, islam dininin tərəfdarları kimi çiıxış etmiçdir. Lakin bu ziddiyyətli və məhdud cəhətlərinə baxmayaraq, Zərdabi həmişə elmi, biliyi mürtəce dini ehkamlara qarşı qoymuşdur. O, bütün ziyalıların, bütün həqiqi vətənpərvərlərin əsas vəzifələrini xalqı qəflət yuxusundan ayıltmaqda, elmi, maarifi xalq arasında geniş yaymaqda görürdü.

Zərdabi gənclərə müraciət edərək, onları vətənin, xalqın xoşbəxtliyi uğrunda, onun maariflənməsi uğrunda mübarizə aparmağa və bu işdə qorxmamağa, hər cür çətinliyə sinə gərməyə çağırırdı. Həsən bəy yazırdı: “ Ey elm təhsil edən cavanlarımız, vətən qardaşlarımızla ünsiyyət çətindir. Siz danışdığınızı onlar başa düşməyib əfalınızı şəriətə namüvafiq hesab edib, sizə kafir deyib incidərlər. Amma insaf deyil ki, beş gün ömrün ləzzətindən ötrü milləti, qardaşlarımızı atıb onları kor və sərgərdan qoyasınız.

Pəs ləzzəti-dünyaya təmə etməyib öz qardaşlarınızı əməli-xeyrə vadar edin. Qoy şüəralar sizə həcv etsin, mollalar lənət oxusun, əvamünnas daşa bassın, siz millət üçün zəhmət çəkirsiniz və bişək, gələcəkdə millətin göza açılanda sizi şəhid hesab edib, sizə rəhmət oxuyacaq.”


MANŞET XƏBƏRLƏRİ