Türk Dövlətləri Təşkilatının sıralarında Finlandiya


Türk Dünyasının hal-hazırdakı aparıcı lideri olan cənab Rəcəb Taib Ərdoğan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xeyir-duası ilə 2009-cu ildə Türk Dövlətləri Təşkilatı yaradıldı. Bu təşkilatın yaranması, əslində Turan layihəsinin həyata keçməsinə şərait yaradan möhtəşəm bir siyasi hadisə idi.

Yarandığı gündən indiyə qədər təşkilata üzv olan ölkələr: Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Macarıstan(müşahidəçi)birgəfəaliyyətləri dövründə bir çox layihələrə imza ataraq birgə inkişaf edirlər.

Artıq bu təşkilatın böyük gücə çevrildiyini bütün dünya görür. Sıralarını genişləndirən və möhkəmləndirən Türk Dövlətləri dünyada birliyin etibarlı nümunəsi kimi öz sözünü deməkdədir. Bununla da birliyin gücü bölgədə sabitliyin təmin olunmasına gətirib çıxaracaq.

Bildiyiniz kimi, təşkilatda müşahidəçi qismində iştirak edən Avropa ölkələrindən biri də Macarıstandır. Macarıstanın Turan layihəsinə bu qədər həssas yanaşması, ölkə əhalisinin bir hissəsinin etnik mənşəyinin hun (Türk) olması ilə bağlıdır. Digər faktor isə hal-hazırdakı Baş Nazir Orbanın siyasi iradəsi də bu məsələdə mühüm rol oynayıb.

Təşkilat sıralarını artırmaq üçün yeni üzvlərin buraya cəlb olunması istiqamətində də iş aparır. Dünyadakı siyasi vəziyyətin belə bir mürəkkəb dövründə bizlər TDT-na yeni dövlətlərin üzv olmasına maraqlı olmalıyıq.

Təşkilatın sıralarının artırılması ilə bağlı mən belə bir təklif irəli sürürəm. Təklif etdiyim ölkə Skandinaviyada yerləşən Finlandiya dövlətidir. Nədən Finlandiya? Bu sualın cavabını tarixi mənbələrə müraciət etdikdə tapa bildim.

XIX əsrin əvvəllərində yaşamış, milləti fin olan professor Mathias Alexander Castren (1813-1852) Turançılıq Hərəkatının qurucusu və öncülü olub. Castren o dövrdə Turançılıq ideologiyasını müdafiə edərək, Ural-Altay dillərinin öyrənilməsinə öncüllük etdi. Sibirdə uzun illər tədqiqatlar apardıqdan sonra, professor Castren Ural-Altay dillərinin müqayisəli öyrənilməsinə bir çox töhvələr vermişdir. Onlardan ən mühüm məsələlərindən biri Fin Dilinin bu dil ailəsində olmasıdır. Deməli finlər də macarlar, türklər, moğollar kimi qrupları əhatə edən böyük cəmiyyətin tərkib hissəsidir.

Hal-hazırda isə Finlandiya müstəqilliyini siyasi arenada özünü aqressiv aparan Rusiyadan qorumaq məcburiyyətindədir. Belə ki, bu iki dövlət arasında sərhədin uzunluğu 1200km-dir. Aqressiv siyasət aparan bir dövlətlə bu qədər sərhədə malik olmaq Finlyandiya hökumətini NATO hərbi blokuna qoşulmağa sövq etdi. Düşünürəm ki, Finlandiya hökuməti ölkəsinin müdafiəsi ilə bağlı tək NATO ilə kifayətlənməyə də bilər. Əgər Türk Dövlətləri Təşkilatından ona üzvlüklə bağlı müraciət olarsa, hökumət yəgin ki, bu xoş məramı düzgün dəyərləndirər.

Bir maraqlı tarixi faktı da oxucuların diqqətinə çatdırmaq istəyirəm. Türkiyə Cümhuriyətinin qurucusu Mustafa Kamal Atatürkün sevimli kitablarından biri də Qriqori Petrovun müəllifi olduğu “Ağ zanbaqlar ölkəsi” kitabıdır. Bu kitab o dövrdə Türkiyədə çox populyar olub və 16 dəfə çap olunub. Kitab Atatürkün o qədər xoşuna gəlib ki, o bütün dövlət məmurlarına bu kitabı oxuyun demişdir. Kitabın məzmunu məhz fin xalqının əməksevərliyi, əzmkarlığı, çətinliklə əldə etdiyi müstəqilliyi necə qoruması barədə bəhs edilir.

Fin millətinin kökünün və istifadə etdiyi dilin Ural-Altay dil qrupuna aid olmasını nəzərə alaraq, təklif edirəm ki, Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin rəhbərləri Finlandiyanın bu qüruma daxil olmasına(ilk mərhələdə müşahidəçi) razılıq versinlər. Bu baş tutarsa Türk Dövlətləri Avropada Macarıstandan sonra, ikinci bir müttəfiq dövlətəldə etmiş olacaqlar.

Fuad Kamil oğlu


MANŞET XƏBƏRLƏRİ