Qardaşlığın daha bir təntənəsi


Fikrət ƏLİYEV
YAP Binəqədi rayon “UNİTY Company” ərazi partiya təşkilatının sədri

Qardaş Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə, o cümlədən Füzuli və Şuşaya səfəri çox önəmli hadisədir. - Yalnız ona görə yox ki, bu, bir dost-qardaş səfəri, dostluğun-qardaşlığın təntənəsidir; həm də ona görə ki, Qazaxıstan ərazi böyüklüyü, yeraltı, yerüstü zənginlikləri baxımından, özünün yerləşdiyi geopolitik bölgə və s. baxımından da cazibədar ölkədir. Ayrıca, qazax qardaşlarımızın Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzini tikdiyi Füzuli şəhəri də, bu il İslam dünyasının (ötən il Türk dünyasının) Mədəniyyət paytaxtı olan Şuşa da Ermənistanın işğalından azad olunub. Qazaxıstansa Ermənistanın uzun illər mədəd umduğu KTMT-nin üzvüdür... Kasım-Jomart Tokayev bəzi ölkələrin səfirlərinin belə getməyə tərəddüd etdiyi Şuşaya səfər edən üçüncü qardaş ölkə lideri oldu...

“Azərbaycan Sizin rəhbərliyinizlə böyük tarixi Qələbə əldə edib. Bu, dövlət suverenliyinin bərpa olunmasıdır. Qazaxıstan xalqı bununla bağlı böyük sevinc hissi keçirib. ...Bu, uzun illər ərzində Sizin dövlət suverenliyinin bərpasına yönəlmiş və son nəticədə tarixi həqiqətin bərpası ilə nəticələnən səylərinizin qanunauyğun yekunudur.” – Qazaxıstan Prezidenti bu sözləri hələ Bakıdaykən demişdi.

İndi Qazaxıstanla da, Azərbaycanla da dostluq, işbirliyi etməyə cəhd edən çox ölkə var. Belə bir ortamda Qazaxıstanla Azərbaycan öz qardaşlıq, dostluq bağlarını daha da möhkəmləndirir, gücləndirir. Bu da, dostlarımızı, ilk növbədə qardaş ölkələrimizi sevindirən hadisədir. Bəli, biz Türk Dövlətləri Təşkilatının, digər ortaq türk qurumlarının qurucu üzvləriyik. Bizim hər hansı birimizin uğuru digərimizin uğurudur və burada “digəri” sözü də bir qədər uzaq qalır. Biz bir-birimizçün “digər” deyilik, elə ÖZük, özəyik. Azərbaycan Prezidentinin artıq Türk dünyasında geniş yayılmış sözləri ilə desək, Türk dünyası bizim ailəmizdir. – “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”! – Prezident İlham Əliyev bu dəyərli fikirləri fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə törənindəki nitqində demişdi. Azərbaycan və Qazaxıstan Prezidentlərinin mətbuata bəyanatlarında fevralın 14-də deyilmiş (və artıq aforizmə çevrilmiş) tarixi sözlərin parlaq təcallasını gördük: “...biz, həmçinin qarşılıqlı fəaliyyətin digər məsələlərini, o cümlədən beynəlxalq strukturlarda, ilk növbədə BMT və Türk Dövlətləri Təşkilatında birgə fəaliyyətimizi müzakirə etdik. Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyəti gələcəkdə də möhkəmləndirməyin zəruri olmasına dair vahid fikrə gəldik. Çünki bu təşkilat yaxın, dost, doğma ölkələri birləşdirir, həmçinin böyük potensiala, ən başlıcası inkişaf potensialına malikdir.” (İlham Əliyev).

Qardaş ölkə Prezidentinin respublikamıza dövlət səfəri mədəni-mənəvi, ictimai-siyasi zənginliyi ilə yanaşı, sosial-iqtisadi və beynəlxalq ticari bağlantılar məzmunu baxımından da məhsuldar oldu.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana uğurlu səfərdəykən Azərbaycan Prezidenti İlham Əliyevlə birgə, Çinin Siyan terminalından Bakının Abşeron stansiyasına konteyner qatarının gəlişi törənini videobağlantı ilə izlədi. Bu, əlbəttə, təsadüfi hadisə deyil, daha doğrusu, təvafüqlüyün özüdür.
“…Qarşılıqlı iqtisadi-ticari fəaliyyət sahəsi böyük inkişaf potensialına malikdir. Nəqliyyat-tranzit məsələsi geniş müzakirə olunub, biz Qazaxıstandan keçməklə Çin Xalq Respublikasından Azərbaycana qədər yol qət edən konteyner qatarının rəmzi qarşılanması mərasimində iştirak etmişik. Bu, TransXəzər nəqliyyat dəhlizinin artıq reallığa çevrilməsi, onun özlüyündə böyük dərəcədə regional əməkdaşlığın səviyyəsini müəyyən etməsinin rəmzlərindən biridir, çünki qonşularla yaxşı münasibət olmadan tranzit ölkə olmaq mümkün deyil.” (Prezident İlham Əliyev).
Qarşılıqlı çalışmalar, səmimi işbirliyi və güclü güvənə əsaslanan ortaqlıq daha böyük planlar qurmağımızı stimullaşdırır.
Doğrudan da, Xəzər dənizi ayrıcı yox, əksinə, ölkələrimiz və tərəfdaşlarımız arasında körpüdür: “çünki TransXəzər nəqliyyat dəhlizi bu gün öz potensialını tam şəkildə açır”.
Bəlli olduğu kimi, bu il Azərbaycanda mühüm beynəlxalq tədbir – COP29 iqlim konfransı keçiriləcəkdir. Azərbaycanla Qazaxıstan bu planda da xoşniyyətə, səmimi işbirliyi potensialına sahibdir. Nəqliyyat, energetika sahəsində işbirliyi, özəlliklə “yaşıl” enerji sahəsində işbirliyinin danılmaz perspektivləri vardır.
Qardaş ölkə Prezidenti də qlobal iqlim konfransının Azərbaycanda keçirilməsini uğur kimi dəyərləndirərkən dedi: “Bu mühüm tədbirin məhz Bakıda keçirilməsi faktı bir çox məqamlardan xəbər verir. Hər şeydən öncə, Sizin ölkənizin sosial-iqtisadi inkişaf sahəsində, həmçinin beynəlxalq arenada uğurlarının qəbul edilməsi amilidir. Həqiqətən Azərbaycanın nüfuzu durmadan artır, bu, həm iqtisadiyyatda, həm də beynəlxalq siyasətdə baş verir”.

Sirr deyil ki, TransXəzər nəqliyyat marşrutu böyük imkanlara, perspektivə malikdir. Qazaxıstanda da, Azərbaycanda da sözügedən sahəyə irimiqyaslı yatırımlar qoyulub. Zəngin təbii ehtiyatlara malik ölkələrimiz, hazırda beynəlxalq standartlara, necə deyərlər, ən yüksək səviyyəli tələblərə cavab verən nəqliyyat infrastrukturuna malikdir. Qardaş ölkələrimizdəki avtomobil yolları, dəmir yolları, dəniz, hava limanları və b. infrastruktur, nəqliyyat layihələri dostlarımızın qürur qaynağı, dost ola bilməyənlərin kədər qaynağıdır. – “İndi bu bünövrə üzərində biz nəqliyyat-tranzit imkanlarımızın, həm limanların, dəmir yollarının, həm də sinergiya yaradılmasının, vahid nəqliyyat kompleksinin qurulmasının genişləndirilməsini planlaşdırırıq. Bu kompleksdə rəqəmsallaşma ilə bağlı layihələr də dəstəklənəcək. Bu məsələlərdə biz paralel istiqamətlər üzrə hərəkət edirik. Həm Qazaxıstanda, həm də Azərbaycanda bu sahəyə çox böyük diqqət yetirilir”. – Prezident İlham Əliyevin sözləridir.
Bu sitat isə Prezident Kasım-Jomart Tokayevin mətbuata bəyanatındandır:
“Müqəddəs Azərbaycan torpağında olduğumuz ilk dəqiqədən ev sahibinin səmimi münasibətini hiss etdik. Bu dövlət səfəri dövlətlərimiz arasında əməkdaşlığın inkişaf perspektivləri baxımından çox önəmlidir. Gördüyünüz kimi, məni çox böyük nümayəndə heyəti müşayiət edir. Bu, onu göstərir ki, biz belə önəmli tədbirin – qardaş Azərbaycana dövlət səfərinin bütün aspektlərinə geniş hazırlıq görmüşük”.

Sonda onu da vurğulayaq ki, Qazaxıstan Prezidentinin bu il içində ölkəmizə daha iki (Türk dövlətləri liderlərinin qeyri-rəsmi sammiti və COP29-da iştirakla bağlı) səfəri gözlənir. Azərbaycan prezidenti isə son ilyarımda dörd dəfə Qazaxıstanda səfərdə olub. Bütün bu deyilənlər, yüksək səviyyəli səfərlər, görüş-müzakirələr işbirliyimizin mahiyyətini, strateji xarakterini göstərir.


MANŞET XƏBƏRLƏRİ